Məhkəmə qərarları › İş №3(003)-1538/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1538/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1538/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Şəxs Əbülfət oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, 31 mart 2024-cü il tarixdə J28224 saylı Tiflis-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs (Pasport:C********) özü ilə birlikdə gətirdiyi İMEİ kodları **********19902/ **********71158 olan 1 ədəd "İphone 14 Purple, 128 GB" markalı mobil telefonu gömrük orqanına təqdim edərkən rəsmiləşdirilməsini xahiş etmişdir. Şəxs ilə söhbət zamanı onun Bakı Beynəlxalq Hava Limanına uçmazdan əvvəl X2 ümumilikdə 10 ədəd "İphone 14, 128 GB" markalı mobil telefonunun olduğunu, həmin telefonları Bakı şəhərinə gətirmək üçün müxtəlif sərnişinlərə paylamaq istədiyini, lakin telefonları ona verən, Dubay şəhərində yaşayan Şamil adlı şəxsin məsləhəti ilə həmin telefonlardan 9 ədədini İstanbul şəhərinə uçan başqa sərnişinə verdiyini bildirmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq HNBGİ-nin Sərnişin şöbəsinin inspektoru, gömrük xidməti kapitan X1 tərəfindən təqdim olunan mobil telefon protokol əsasında götürülmüşdür. Aparılan araşdırma ilə əlaqədar Şəxs götürülmüş mobil telefon ekspertizadan keçirilməkdən ötrü, xx.xx.2024-cü il tarixli qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli 9/2835 nömrəli ekspert rəyinə əsasən: tədqiqata təqdim edilmiş 1 ədəd "İphone 14" markalı "A2882" model, 128 GB daxili yaddaşlı mobil telefonun xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti təxminən 1250 manat müəyyən edilmişdir. Beləliklə, Şəxs kommersiya fəaliyyəti üçün əldə etdiyi, belə ki, 300 manat müqabilində daşıdığı 10 ədəd "İphone 14" markalı mobil telefonları bakı şəhərinə gətirməyə ehtiyat edərək onların 9 ədədini digər şəxs vasitəsilə Türkiyə respublikasına göndərmiş, geriyə qalan 1250 manat dəyərində 1 ədəd “İphone 14" markalı mobil telefonu isə Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mal kimi keçirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Əbülfət oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş uyğunluq sertifikatı, qeydiyyat zəmanəti olmayan təzə vəziyyətdə 01 ədəd “İphone 14” markalı, “A2882” model, 128 GB daxili yaddaşlı, tam komplektli mobil telefonun (qutu və aksessuarları ilə birlikdə) xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti təxminən 1250,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs kommersiya fəaliyyəti üçün əldə etdiyi, 300 manat müqabilində daşıdığı 10 ədəd "İphone 14" markalı mobil telefonları Bakı şəhərinə gətirməyə ehtiyat edərək onların 9 ədədini digər şəxs vasitəsilə Türkiyə Respublikasına göndərmiş, geriyə qalan 1250 manat dəyərində 1 ədəd “İphone 14" markalı mobil telefonu isə Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mal kimi keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 1250 (bir min iki yüz əlli) manat məbləğinin otuz faizi miqdarında, yəni 375 (üç yüz yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar