Məhkəmə qərarları › İş №3(003)-1546/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1546/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1546/2020 23.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 499.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən hüquqi ünvanı ünvan 1 olan “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2016-cı il tarixdə **********5431 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi invoys dəyəri 37796,57 ABŞ dolları, netto çəkisi 100 kq olan yüklər müvəqqəti ixrac xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün bir hissəsi **********3066 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar ixrac edilmiş, qalan hissəsinin isə (26570,67 ABŞ dolları, netto çəkisi 45 kq olan “yer və tunel qazan maşınlar hissələri” adlı yük) müvəqqəti ixrac müddəti xx.xx.2020-ci il tarixində baxmayaraq təkrar ixrac olunmamış və ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2020-ci il tarixində Hava Nəqİiyyatında Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək **********5431 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların 1 ayadək gömrük ərazisindən aparmağı öhdəlik kimi üzərinə götürmüşdür. Buna baxmayaraq, hüquqi şəxs isə müvəqqəti ixrac gömrük prosedurunun tələblərinə (müddətə) şərtlərinə riayət etməmiş, gömrük orqanının müəyyən etdiyi müddətin başa çatmasına baxmayaraq, malı vaxtında digər gömrük proseduru altında yerləşdirməmişdir. Bu barədə “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və X3 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X4 inzibati xəta haqqında protokolda yazılanlarla razı olduğunu bildirdi. “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 26, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar