Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1547/2023 17.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-cü Polis şöbəsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, həmin zaman o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Yol Polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Belə ki, Şəxs kəskin spirt qoxusu gəldiyi üçün ona həkim müayinəsindən keçmək üçün narkoloji dispanserə getmək təklif olunmuş, lakin o, tabesizlik göstərərək həkim müayinəsindən keçməkdən imtina etmiş və polis əmkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman ərazidə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının naryadları köməyə çağırılmış və bundan sonra Şəxs 1-ci Polis şöbəsinə gətirilmişdir. Bununla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və tərəfindən müvafiq protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, avtoqəza törədilməsi zamanı sərxoşluğunun müəyyən edilməsi üçün müayinədən keçməkdən imtina etmişdir. Lakin o, təhqiredici ifadələr işlətməmişdir. Belə ki, söyüş söymək onun xüsusiyyətində yoxdur. O, polis şöbəsinə gətirildikdən sonra fikrindən daşınmış və sərxoşluğunun müəyyən edilməsi üçün müayinədən keçməklə bağlı razılaşmışdır. Bundan sonra onu narkoloji mərkəzə aparmışlar və müvafiq müayinədən keçmişdir. Həmçinin bildirmişdir ki, o, aprel döyüşlərində iştirak etmiş və başından xəsarət almış, aldığı xəsarətlərə görə də 2-ci dərəcəli əlildir. O, polis əməkdaşına heç bir tabesizlik göstərməmiş, təhqir etməmiş, sadəcə sərxoşluqla bağlı müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Türkan qəsəbəsi ərazisində YPX naryadına qarşı tabesizlik göstərdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun və inzibati xəta haqqında işin digər materiallarının baxılması üçün aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Əlahiddə ÇPA-nın 11-ci PB-nin polis nəfərlərinin xx.xx.2023cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 23:30 radələrində ərazidə xidmət apararkən 240 YPX-nə köməyə getmişlər və bir nəfər vətəndaşı PŞ-nə gətirib NİH-yə təhvil vermişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarında olan YPX-nin inspektorları Ramil Məmmədov və Nurlan Hümbətovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə xidmət apararkən Türkan-Hövsan yolunda yol nəqliyyat hadisəsinin baş verdiyi efir vasitəsilə bildirilmiş və onlar dərhal hadisə yerinə yaxınlaşmışlar. Hadisənin iştirakçısı olan Şəxs kəskin spirt qoxusu gəldiyi üçün onlarla narkoloji dispanserə getməli olduğunu bildirmişlər. Lakin, sürücü Şəxs tabesizlik göstərmiş, polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman ərazidə xidmət aparan ÇPA-nin naryadlarını köməyə çağırmışlar. İş materiallarında olan Şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə Türkan qəsəbsində idarə etdiyi “Opel” markalı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları yaxınlaşmışdır. Həmin vaxtı o, həyacanlı olduğundan nə baş verdiyi dəqiq xatırlamır. Ümumiyyətlə kiminsə ünvanına söyüş söymək onun xarakterində yoxdur. Əgər söyüş olubsa ünvansız xarakterli söyüşlər söymüşdür. Tabesizliklə bağlı bildimişdir ki, həmin vaxtı əsəbi olduğundan ola bilsin ki, tabesizlik göstərmiş, lakin dəqiq xatırlamır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1/2194 nömrəli sərxoşluq halların bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolun surətindən görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Türkan qəsəbəsi ərazisində YPX naryadına qarşı tabesizlik göstərmişdir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs sərxoş halda avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı onun sərxoşluğunun müəyyən edilməsi məqsədilə müvafiq müayinədən keçməsi yol polis əməkdaşları tərəfindən tələb olunmuş, lakin o, həmin müayinədən keçməkdən imtina etmişdir. İşin müəyyən edilmiş hallarını, eyni zamanda Şəxs tərəfindən polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilməsi üçün əsas onun sərxoşluğun müayinəsi üçün müvafiq müayinədən keçməkdən imtina etməsi, həmçinin polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətməsi olmuşdur ki, bu hallara da polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymət verilməsi mümkün deyildir (bu hallar təsdiq olunacağı halda sonuncu İXM-in müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilə bilərdi). Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, sonuncunun əməli İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan - polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur vətənbehedilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməli və o, məhkəmə iclası zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1547/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1547/2023
17.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver