Məhkəmə qərarları › İş №3(003)-1551/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1551/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1551/2025 12.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, Müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, protokol İXM-in 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib olunmuş və təqdim lunmuş material natamamdır. Belə ki, İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.2, 100.1.3, 100.1.4, 100.1.6, 100.1.7, 100.1.9-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokolda isə protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı göstərilsədə adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, həmçinin yaşadığı yerin ünvanı, inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmişdir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Bu baxımdan inzibati tənbeh haqqında protokolda inzibati xətanın törədildiyi yerin göstərilməsi işə baxılması ilə əlaqədar əhəmiyyət kəsb edən hallardan ibarətdir. Həmçinin İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Buna baxmayaraq xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilməmişdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar digər sübutlarla yanaşı inzibati xəta haqqında protokolla da müəyyən olunur. Odur ki, qanunvericiliyin tələbləri əsasında tərtib edilməyən protokolun iş üzrə sübut kimi qəbul edilməsi də mümkün deyil. İXM-nin 106.0, 106.0.3 və 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş protokol düzgün tərtib olunmadığından və təqdim edilmiş material natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 43, 106-111-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar