Məhkəmə qərarları › İş №3(003)-1558/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1558/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1558/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Füzuli rayonu, Qarğabazar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 iyul 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs 11 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yol-patrul xidməti əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Belə ki, onu qayda pozduğu üçün saxlayan yol-patrul xidməti əməkdaşı ilə mübahisə etmiş, polis əməkdaşına əl-qol hərəkətləri ataraq onun poqonunu dartaraq cırmışdir.Daha sonra şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli aktına əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək sərxoş olduğu üçün qeyd edilən inzibati xətanı törətdiyini, həmin əməli qəsdən törətmədiyini, əməlindən peşman olduğunu, ilk dəfə inzibati qaydanı pozduğunu, belə hallara bir daha yol verməyəcəyini, o cümlədən ikinci qrup əlil olmasını bildirərək məhkəmədən barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Xəzər RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində xidmət edir. 11 iyul 2024-cü il tarixdə tarixdə ona təhkim edilmiş yol-patrul xidməti avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində xidmətdə olduğu zaman “Toyota Prius” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qayda pozuntusu etdiyi üçün saxlamışdırlar. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra onu idarə edən şəxsdən yəni Şəxs kəskin spirt iyi gəldiyi üçün onu alkotesterdən keçirtmişdirlər. Bu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yol-patrul xidməti əməkdaşlarını nalayiq ifadələr ilə təhqir etmiş, xidməti maşından düşmək istəməmiş və mübahisə zəminində ona əl-qol hərəkətləri ataraq onun poqonunu cırmışdır. Dəfələrlə intizama dəvət edilməsinə baxmayaraq o, tabe olmaqdan boyun qaçırmışdır. Bu səbəbdən onu xidməti avtomaşın ilə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirərək şöbəyə təqdim ediblər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 iyul 2024-cü il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 12 iyul 2024-cü il tarixli, 2/6252 saylı aktından görünür ki, 12 iyul .2024-cü il tarixdə, saat 01:05-də keçirilmiş müayinənin nəticəsi olaraq Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışın surətindən görünür ki, Şəxs ikinci qrip əlil olduğu üçün hər ay 220 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlər, proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatları əsasında müəyyən edilmişdir ki, Şəxs 11 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzoavna qəsəbəsi ərazisində yol-patrul xidməti əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını, ilk dəfə inzibati qaydanı pozmasını və ikinci qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.7-ci maddəsinə əsasən həmin Qanunun 14.1.2-ci maddəsində “İ və ya İİ dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta törətmiş şəxs 12 iyul 2024-cü il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuş, onun barəsində tərtib edilmiş inzibati protokola baxılması isə həmin tarixə saat 17:50-yə təyin edilmişdir. Göründüyü kimi inzibati xəta törətmiş şəxs inzibati qaydada tutularaq bir gün müddətində həbsdə saxlanılmışdır. Bu xüsusata münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilərkən həmin tənbehin yuxarı həddinin dörddə üç hissəsindən aşağı miqdarda cərimə təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxx 1971-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Füzuli rayonu, Qarğabazar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar