Məhkəmə qərarları › İş №3(003)-1562/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1562/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1562/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Afər Nəbiyevin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (Asim Akhmedovun) iştirakları ilə Şəxs (Asim Akhmedovun) 15 yanvar 2002-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə Südçülük sovxozunda fərdi evdə yaşayan barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 20 iyun 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Afər Nəbiyev tərəfindən Şəxs (Asim Akhmedovun) barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs (Asim Akhmedov) 20 iyun 2023-cü il tarixdə Binə qəsəbəsi Ə.İsazadə küçəsində dayandırma-durma qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlandığı zaman polis işçilərinin qanuni tələblərinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Afər Nəbiyev izahatında göstərdi ki, Şəxs (Asim Akhmedov) 20 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində idarə etdiyi “Mersedes-VİTO” markalı **-KP-*** markalı avtomaşınla dayanmadurma qaydalarını pozmuş, yol polis əməkdaşları yaxınlaşıb ondan özünü və sənədlərini təqdim etməsini istədikdə o, polis işçilərinə tabesizlik göstərib sənədlərini və özünü təqdim etməkdən imtina etmişdir. Belə olduqda PPX əməkdaşları əlavə qüvvə qismində oraya çağırılmış və həmin sürücü Xəzər RPİ 3-cü PŞ-nə təmin edilmişdir. Orada həmin sürücünün 15 yanvar 2002-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər rayonu Binə Südçülük sovxozunda fərdi evdə yaşayan vətəndaş Şəxs (Asim Akhmedov) olduğu məlum olmuşdur. Bu fakt vətəndaşın izahatı və polis əməkdaşlarının tərtib etdiyi raportla təsdiq edilir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (Asim Akhmedov) Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 20 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində idarə etdiyi “Mersedes-VİTO” markalı **-KP-*** markalı avtomaşınla dayanma-durma qaydalarını pozmuş, YPX əməkdaşları yaxınlaşıb onun idarə etdiyi avtomobilin şəklini çəkmiş və ondan özünü və sənədlərini təqdim etməsini istədikdə o, əsəbiləşdiyi üçün onlara tabesizlik göstərib sənədlərini və özünü təqdim etməkdən imtina etmişdir. YPX əməkdaşları həmin səbəbdən onu Polis şöbəsinə dəvət etmiş, lakin o, bundan imtina etdiyi üçün onlar əlavə qüvvə dəvət etmiş və onu 3-cü PŞ-nə aparmışlar. Bir daha qeyd edir ki, əsəbi olduğu üçün həmin hərəkətləri etmişdir. Əməlindən peşmandır, bir də belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Bunların nəzərə alınaraq barəsində olan hazırkı inzibati xəta haqqında iş üzrə ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs (Asim Akhmedov) həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs (Asim Akhmedovun) əməlini etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşmançılıq çəkməsini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (Asim Akhmedov) Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar