Məhkəmə qərarları › İş №3(003)-1567/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1567/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1567/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 11 may 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Tandirloin” ictimai iaşə obyektində manqaldan istifadə olunduğu, lakin atmosferə atılan tullantıların zərərsizləşdirilməsi məqsədi ilə qaz-toztutucu qurğunun quraşdırılmadığı və atmosferə atılan zərərli qaz qarışığının ətraf mühit üçün yol verilə bilən norma həddindən yüksək olduğu müəyyən edilmişdir.Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində AR İXM-nin 233.1 və 237.1-ci maddələri ilə inzibati porotokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 85204 saylı, 29 may 2024-cü il tarixli aktın surətindən görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması vəziyyətinin araşdırılması, Xəzər rayon ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən atmosferə atılan zərərli qaz qarışığının miqdarının ölçülməsi məqsədilə “Tandirloin” ictimai iaşə obyektində keçirilmiş monitorinq zamanı həmin obyektə atmosferə atılan tullantıların zərərsizləşdirilməsi məqsədi ilə qaz-toztutucu qurğunun quraşdırılmadığı məlum olmuş, bundan əlavə obyektin ətraf ərazilərində müvafiq qaydada ölçmə işləri aparılarkən atmosferə atılan zərərli qaz (CO) qarışığının miqdarı 8.7 mq/m3 (norma 5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilə bilən norma həddindən yüksək olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 16 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, yuxarıda qeyd edilən məsələ ilə bağlı aparılan inzibati araşdırma ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 10:00-da səlahiyyətli nümayəndənin idarəyə gəlməsi xahiş edilmiş, gəlməyəcəyi təqdirdə araşdırmanın nümayəndənin iştirakı olmadan keçiriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən “Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.” Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən “Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə-vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs MMC-nin eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməli və ona 233.1ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan minimum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 10500 (on min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar