Məhkəmə qərarları › İş №3(003)-157/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-157/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-157/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Kiçik Müəssisə “Əfsanə” firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X1 İstifadə Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İnzibati xəta haqqında MN ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli protokola əsasən Kiçik Müəssisə “Əfsanə” firması tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən əhəngdaşı yatağından müvafiq icazə olmadan faydalı qazıntı hasilatının aparılması faktı müəyyən edilmişdir. Bununla da, Kiçik Müəssisə “Əfsanə” firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X1 İstifadə Agentliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Kiçik Müəssisə “Əfsanə” firmasına məxsus Zirə əhəngdaşı yatağına dağ-mədən fəaliyyətinin yoxlanılması məqsədilə baxış keçirildiyini, baxış zamanı “Əfsanə” firmasına 5 il müddətinə verilmiş xx xxxxx 2013-cü il tarixli 00683 nömrəli “Dağ-mədən ayırması” aktının xx xxxxx 2018-ci il tarixində qüvvədən düşdüyünun və 2018ci ildən sonra “Dağ-mədən ayırması” aktının olmaması müəyyən edildiyini, habelə ərazidə müvafiq icazə sənədi olmadan 27720 m³ həcmində mişar daşı hasil edildiyini, nəticədə “Əfsanə” kiçik müəssisəsi tərəfindən yerin təkindən istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktının qüvvədə olma müddətinin xx xxxxx 2018-ci ildə bitməsinə baxmayaraq fəaliyyət göstərməklə “Yerin təki haqqında” qanunun 9, 10, 21 və 46-cı maddələrinin tələbləri pozulduğunu qeyd etmiş və məhkəmədən Kiçik Müəssisə “Əfsanə” firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin sanskiyasında göstərilən cərimə cəzasının ən aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə həmin şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Kiçik Müəssisə “Əfsanə” firması tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə aiddir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydalarınin pozulması və yerin təkindən özbaşına istifadə edilməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kiçik Müəssisə “Əfsanə” firması tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən əhəngdaşı yatağında müvafiq icazə olmadan faydalı qazıntı hasilatının aparılmışdır. Məhkəmə hesab edir ki, Kiçik Müəssisə “Əfsanə” firması tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, Kiçik Müəssisə “Əfsanə” firması həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Kiçik Müəssisə “Əfsanə” firmasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Kiçik Müəssisə “Əfsanə” firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar