Məhkəmə qərarları › İş №3(003)-1574/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1574/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1574/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Ermənistan, Kalinin rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, deməsinə görə ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən icra vərəqəsinin icra edilməməsinə görə Şəxsnun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 verdiyi izahatında bildirdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-293/2018 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 6222 manat tutularaq X3 ödənilməlidir. Şəxs 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən icra vərəqəsi 2018-ci ildə həmin müəssisəyə göndərilmiş, 2023-cü ildə azad olunduğundan icra vərəqəsi icra şöbəsinə geri qaytarılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən 300 manat ödəniş olmuş və tələbkarın yeri bəlli olmadığından həmin vəsait icra şöbəsinin depozit hesabına qoyulmuşdur. Daha sonra uzun müddət tələbkarla əlaqə saxlamaq mümkün olmamışdır. Lakin bir müddət əvvəl tələbkarın nümayəndəsi icra şöbəsinə yaxınlaşaraq icra sənədi üzrə tələbin icra edilmədiyini bildirmiş və icrasını tələb etmişdir. Şəxs isə maddi imkanı olmadığından icra sənədi üzrə tələbi yerinə yetirə bilmədiyini qeyd edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2023-cü ilin yanvar ayında cəzadan şərti olaraq 10 ay əvvəl azad olmuşdur. Bundan sonra isə məhkumluğunun olması səbəbindən onu işə qəbul etməmişlər. Bu səbəbdən işləyə bilmir. Tələbatlarının ödənilməsində ataanası köməklik edir. O, imkanı olmadığından ödəniş edə bilməmişdir. Hazırda isə qohumunun köməkliyi ilə 400 manat məbləğində ödəniş etmiş, borcunun qalan hissəsini isə bundan sonra hər ay hissə-hissə ödəyəcəkdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - MN ******* nörməli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-293/2018 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-293/2018 saylı icra vərəqəsindən görünür ki, Şəxs cəmi 6222 manat tutularaq X3 ödənilməlidir. -X2 adına olan 416973******6017 nömrəli bank hesabına 400 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaradır. Göründüyü kimi qanunvericilik icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur ki, bu halın mövcudluğu inzibati məsuliyyətə səbəb olur. Hazırki işin hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-293/2018 saylı icra vərəqəsi üzrə tələbin müəyyən olunmuş müddətdə üzürsüz və qərəzli olaraq icra edilməməsi halları olmamışdır. Belə ki, əvvəllər onun tərəfindən 300 manat məbləğində pul ödənilmiş, daha sonra tələbkarın yeri müəyyən olunmadığından icra sənədinin icrası çətinləşmiş, hazırda isə 400 manat məbləğində pul tələbkarın hesabına ödənilmişdir. Göründüyü kimi tələb hissə-hissə olmaqla Şəxs tərəfindən icra edilir, icra vərəqəsində qeyd olunan məbləğinin isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyəti nəzərə alınmaqla bütöv şəkildə birdəfəyə ödənilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a ra a l d ı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar