Məhkəmə qərarları › İş №3(003)-1584/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1584/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1584/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, məhkəmə iclas katibi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X4 iştirakları ilə, xx.xx.1981-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Lerik rayonunun Nuravud Ərazi Dairəsi, Sorsçay kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi YYS-da yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş 18 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda küçədə səs-küy salaraq ictimai asayişi pozmuş və nəticədə onu polis bölməsinə dəvət edən zaman polis əməkdaşlarının qanuni tələbini pozmuşdur. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-1ci maddəlləri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı ərazidə yerləşən “İmam Həsən” məscidində oğlu namaz qılmaq üçün getmişdi, o da həmin ərazidə idi. Oğlu məsciddən çıxan zaman polis əməkdaşları ona yaxınlaşaraq aralarında söhbət etdikdən sonra oğlunu harasa göndərdilər. Bu zaman onlara yaxınlaşıb nə olduğunu soruşan zaman onlar hədə-qorxu gəlməyə başladılar ona. Ona bildirdilər ki, oğlun əgər polis əməkdaşlarına müqavimət göstərərsə onu ağır cəzalar gözləyir. Bu sözlərdəndə əsəbləşərək onlara qışqırmağa başlamışdır. Sonra onlara tabesizlik göstərərək bölməyə getmək istəməmiş və qanunsuz hərəkətlərini davam etdirmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X6 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki,xx.xx.2024-cü il tarixdə 3-cü PB-nin inzibati ərazisində xidmətdə olarkən bir nəfər şəxsin Xəzər Rayonu Binə qəsəbəsində xidmətdə olarkən Sovxoz adlanan ərazidə yerləşən “İmam Həsən” Məscidinin yaxınlığında bir nəfər şəxsin əsəbi vəziyyətdə ucadan danışaraq nalayiq ifadələr işlətməsini, bununlada ətrafda olan şəxsləri narahat etməsini görüb həmin şəxsə yaxınlaşıb sakitliyə riayət etməsini xahiş etsədə o öz aqressivliyini davam etdirərək onlara qarşı tabesizlik göstərərək hərəkətlərini davam etdirmiş, özünü təqdim etməmişdir. Odur ki o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru X1 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Xəzər Rayonu Binə qəsəbəsində xidmətdə olarkən Sovxoz adlanan ərazidə yerləşən “İmam Həsən” Məscidinin yaxınlığında bir nəfər şəxsin əsəbi vəziyyətdə ucadan danışaraq nalayiq ifadələr işlətməsini, bununlada ətrafda olan şəxsləri narahat etməsini görüb həmin şəxsə yaxınlaşıb sakitliyə riayət etməsini xahiş etsələrdə o öz aqressivliyini davam etdirərək onlara qarşı tabesizlik göstərərək hərəkətlərini davam etdirmiş, özünü təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən oğlu Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru X2 digər şahid X1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: inzibati qaydada tutma haqqında 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22:00-da tutulmuşdur; Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsindən daxil olmuş 18 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yüksək səslə söyüş söymüş, dəfələrlə hərəkətlərinin qanunsuz olması izah olunduqda hərəkətlərini davam etdirmiş, hərəkətlərinin qanunsuz olması izah olunduqda tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəlləri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə, tərəflərin və şahidin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 22:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar