Məhkəmə qərarları › İş №3(003)-1585/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1585/2024

20.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1585/2024 20.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsi Hava Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin Baxış bölməsinin inspektoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi polis mayoru X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsi Hava Nəqliyyatında Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin Baxış bölməsinin inspektoru X7 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Şəxs Hava limanına idarə etdiyi avtomobil ilə gəlmiş, avtomobili dayanacaqda saxlamış, özü isə 1 nömrəli Terminalın çıxışına yaxınlaşmışdır. Bu zaman ərazidə xidmət edən post-patrul xidmətinin polis nəfəri Vüqar Məmmədov ondan həmin ərazini tərk etməsini və maşınına əyləşməsini bildirmişdir. Belə ki, Hava limanının ərazisində sərnişin götürmək üçün gəlmiş taksi fəaliyyəti ilə məşğul olan şəxslər “Bolt” proqramından istifadə etmələrinə baxmayaraq, hava limanında olan sərnişinlər çıxdığı terminala yaxınlaşırlar və orada sıxlığa səbəb olurlar, həmçinin mədəni davranış qaydalarını pozurlar. Bu səbəbdən həmin şəxslərə şərait yaradılmışdır ki, hava limanına gəldikdə müvafiq yerdə avtomobili saxlamalı və avtomobildə gözləməklə sərnişin qəbul edə bilər. Şəxs hava limanına gəlmiş, avtomobilini “parkinq” zonasında saxlamış və “Bolt” proqramını açaraq sərnişinlərin çıxış üçün nəzərdə tutulmuş 1 nörməli Terminalın qabağına gəlmişdir. Bu səbəbdən polis əməkdaşı ondan ərazini tərk etməsini və öz avtomobilinə əyləşməsi bildirilmişdir. Buna baxmayaraq o, yüksək səslə polis əməkdaşı ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Həmçinin avtomobilinə getməyə etiraz etdiyindən polis əməkdaşı tərəfindən onun sənədlərinin yoxlanması üçün idarəyə dəvət olunmuş, o birinci avtomobilə əyləşmiş, sonra isə avtombildən düşərək idarəyə getməkdən imtina etmişdir. Bununla da polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Ramana yoluna sərnişin aparmış, sərnişini düşürdükdən sonra sərnişin götürmək üçün hava limanına getmişdir. Hava limanında maşınını saxlayıb sifariş qəbul etmək üçün proqrama daxil olmuşdur. Avtomobil düşdükdən sonra kənarda dayanmış və sifariş gözləmişdir. Bu zaman uzaqda dayanmış polis əməkdaşı ondan avtomobilinə əyləşməsini tələb etmişdir. O da bildirmişdir ki, maşının içərisi istidir, ona görə çöldə dayanmış, həmçinin bildirmişdir ki, pis iş görmür, çörək pulu qazanmaq üçün dayanmışdır. Bu sözlərindən sonra ona yaxınlaşmasını tələb etmişdir. Polis əməkdaşına yaxınlaşanda ondan avtomobilə əyləşməsini tələb etmişdir. Səbəbini soruşduqda, polis əməkdaşı ona əl atmış və kəmərindən tutmuşdur. Bu zaman o, bu barədə əmisinə bildirmək üçün telefonunu əlinə almış və polis əməkdaşından gözləməsini xahiş etmişdir. Polis əməkdaşı onu gözləməmiş və post-patrul maşınına əyləşməsini tələb etmişdir. Maşına əyləşdikdən sonra zəng vurmuş və telefonla danışaraq yerə düşmüşdür. Bu zaman yenidən polis əməkdaşı onun kəmərindən tutub maşına əyləşdirmək istəmiş, o da buna etiraz edərək polis əməkdaşından cəmiyyət içində belə hərəkət etməsinin səbəbini soruşmuşdur. Bundan sonra digər polis əməkdaşları gəlmiş və onu avtomobilə əyləşdirmişlər. İzahatında həmçinin bildirdi ki, avtomobilinin saxladığı yerdən xeyli məsafədə aralaşmışdır. O, qoşulduğu proqramda göstərilən göy zonada olmuşdur. Maşınını isə parklanma yerində saxlamış, özü isə heç kimə yaxınlaşmamışdır. Terminalın qarşısında dayanmaqda məqsədi isə sifariş gözləməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin Hava NPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 ifadəsində bildirdi ki, Şəxs post-patrul avtomobilini saxladığı yolun yanındakı yolda dayandığı görmüş, ondan taksi fəaliyyəti ilə məşğul olub-olmamasını soruşmuşdur. Nicat ona taksi fəaliyyəti ilə məşğul olduğunu dediyindən öz avtomobilinə yaxınlaşaraq avtomobilində əyləşməsini bildirmişdir. Bundan sonra Nicat oradan uzaqlaşmış, lakin 15-20 dəqiqədən sonra Nicatın yenə də orada dayandığını görmüşdür. Nicatdan yenə də avtomobilini dayanacağını arxasında saxlamasını və avtomobilində əyləşməklə sifariş qəbul etməsini demişdir. Nicat isə ona “bezdirmisiniz, elə bil ermənidir” demiş və oradan uzaqlaşmaqdan imtina etmişdir. Bundan sonra o, post-patrul avtomobilinə əyləşməsini və onunla birlikdə idarəyə getməsini, orada hansı səbəbə görə burada dayanmağın qadağan edilməsinin izah ediləcəyini bildirmişdir. Belə ki, “Bolt” proqramı vasitəsindən istifadə edən taksi sürücüləri həmin proqramda göstərilən növbədə sifariş qəbul etməlidir. Lakin, həmin müddət çox olduğundan taksi sürücüləri tez bir zamanda müştəri götürmək üçün hava limanının qarşısında dayanırlar. Bu hala isə hava limanında olan qaydalara əsasən qadağan edilmişdir. Ona görə belə taksi sürücülərinə şərait yaradılmışdır ki, onlar öz avtomobillərini dayanacağın arxa hissəsində saxlasınlar və avtomobildə gözləməklə sifariş qəbul etsinlər. Şəxs onun tələblərinə tabe olmamış, avtomobilə əyləşməmiş, onunla mübahisə etmişdir. Bu səbəbdən köməyə digər əməkdaşları köməyə çağırmışdır. Digər əməkdaşlar gəldikdən sonra məcburi qaydada avtomobilə əyləşdirərək idarəyə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəqliyyatda Baş Polis İdarəsinin Hava NPİ-nin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı X1 ifadəsində bildirdi ki, radiostansiya vasitsilə dördüncü postda köməyə çağırıldığını eşitmiş və həmin yerə getmişdir. Tabesizlik göstərən Nizat İmzanzadəni avtomobilə əyləşdirərək idarəyə aparmışdır. Həmçinin bildirdi ki, hava limanında fəaliyyət göstərən taksi sürücülərinin çox hissəsi qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olurlar. Hava limanında isə bu hallar qadağan edilmişdir. Lakin hava limanında şərait yaradılmışdır ki, belə taksi sürücüləri hava limanında olan dayanacağın arxa hissəsində avtomobillərini saxlayaraq avtomobildən düşməyərək sifariş qəbul etsinlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahid ifadəsini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadəsi, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X5 hava limanının Teminal 1-in qarşısında polis əməkdaşları ilə mübahisə edərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında və proses iştirakçılarının, şahid ifadəsinin məhkəmə iclasında verdiyi izahatlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi inzibati xətanın yaranması üçün şəxsin əməlində ictimai qaydanı pozulması halının olması vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcud deyil. Belə ki, işin hallarından müəyyən edilir ki, taksi fəaliyyəti ilə məşğul olan Şəxs, xx.xx.2024-cü il tarixdə sərnişin götürmək üçün Heydər Əliyev adına Beynəlxalq hava limanına gəlmiş, orada avtomobilini dayanacaqda saxlamış, özü isə xüsusi sərnişin sifarişi qəbulu proqramını işə salmış və hava limanında olan 1 nömrəli terminalın qarşısında gəlmişdir. Orada xidmətdə olan polis əməkdaşı onun həmin terminalın qarşısından dayanmamasını, sifariş qəbul etmək üçün öz avtomobilində əyləşməklə gözləməsini bildirməsinə baxmayaraq, Şəxs polis əməkdaşının tələblərinə tabe olmamış, dayandığı yeri tərk etməkdən imtina etmiş, daha sonra isə polis idarəsinə getməkdən imtina etmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Şəxs əməlində xuliqanlıq hərəkətlərinin tərkib əlamətləri mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Lakin işin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Yuxarıda qeyd edildiyi kimi, işin hallarından müəyyən olunur ki, Şəxs, hava limanında sərnişin qəbulu qaydalarını pozmuş və həmin qaydalara riayət etməsinin tələb edilməsi barədə orada ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşının qanuni tələbinə əməl etməyərək onunla mübahisə etmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar