Məhkəmə qərarları › İş №3(003)-1586/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1586/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1586/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə Şəxs xx xxxxxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 08 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 03 sentyabr 2022-ci il tarixdə, saat 16:00-da idarə etdiyi «Toyota Prius (Hybrid)» minik markalı, **-UO-*** dövlət nömrə nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində zərərəçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Ruhan Adilbəyli tərəfindən 30 sentyabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 16:00-da idarə etdiyi «Toyota Prius (Hybrid)» minik markalı, **-UO-*** dövlət nömrə nişanlı avtomobil ilə Buzovna-Bilgəh yolunda 70 km/saat sürətlə hərəkətdə olarkən fikri yayındığından yolun kənarında dayanmış «Mercedes» markalı, **-YP-*** dövlət nömrə nişanlı Yol patrul xidməti avtomobilini arxa hissədən vurmuşdur. Zərbənin təsirindən onun idarə etdiyi avtomobil yolun ortasına tərəf fırlanaraq onunla eyni istiqamətdə hərəkətdə olan «VAZ 2107» markalı, **-TB-*** dövlət nömrə nişanlı avtomaşının sağ hissəsi, daha sonra «Chevrolet Cruse» markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomaşının sağ yan hissəsindən dəymişdir. Hadisə zamanı «Mercedes» markalı avtomobildə olan polis əməkdaşları və «Chevrolet Cruse» markalı avtomobilin sürücüsü xəsarət almışlar. O, hadisədən sonra zərərçəkmiş şəxslərlə əlaqə saxlayaraq görüşmüşdür. Zərərçəkmiş şəxslərə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 16:00-da idarə etdiyi «Chevrolet Cruse» markalı, **-CJ-*** dövlət nömrə nişanlı avtomobil ilə Buzovna-Bilgəh istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən «Toyota Prius (Hybrid)» minik markalı, **-UO-*** dövlət nömrə nişanlı avtomobil yolun sağ kənarında dayanmış «Mercedes» markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Sonra «Toyota Prius (Hybrid)» minik markalı avtomobil fırlanaraq yolun ortasında ona qarşısına çıxmışdır. O, əyləcdən istifadə etsə də, avtomobili saxlaya bilməmiş və «Toyota Prius (Hybrid)» minik markalı avtomobilin sağ yan hissəsindən vurmuşdur. Hadisə zamanı onun avtomobilinə 3000 manat məbləğində ziyan dəymiş və həmin ziyanı ödəmişdir. Özü isə yüngül zədə almışdır. Hadisəni törədən şəxs onunla zəng edib maraqlansa da, maddi cəhətdən heç bir köməklik etməmişdir. Şəxs qarşı şikayətçi olduğunu, onun tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi və ona yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxslər məhkəməyə gəlməmiş və 25 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməy müraciət edərək Şəxs qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını, dəymiş zərərdən ödəniş etdiyini bildirmişlər, ona yüngül cəza təyin edilməsini, eyni zamanda məhkəmə iclasında tədbir ilə əlaqədar iştirak edə bilməyəcəklərinin nəzərə alınaraq üzürlü hesab edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində zərərəçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 08 sentyabr 2022-ci il tarixli, 1195 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər 03 sentyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 08 sentyabr 2022-ci il tarixli, 1196 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər 03 sentyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 05 sentyabr 2022-ci il tarixli, 1175 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 oğlnun bədəni üzərində aşkar edilmiş xəsarətlər 03 sentyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyandan ödəniş etməsini, həmin zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxs1 hadisə nəticəsində onun avtomobilinə 3000 manat dəydiyini və həmin ziyanı özü aradan qaldırdığını, hadisəni törədən şəxsin ona maddi cəhətdən yardım etmədiyini və hazırda onun tələbi olduğunu bildirsə də, tələbi ilə bağlı yazılı şəkildə ərizə təqdim etməmiş və sənədləri əlavə etməmişdir. Həmçinin Şəxs zərərçəkmiş şəxsin avtomobilinə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirmişdir. Bu isə onu göstərir ki, Zərərçəkmiş şəxs1 tələbi olsa belə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mübahisə vardır. Buna görə məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar