Məhkəmə qərarları › İş №3(003)-1587/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1587/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1587/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Masallı rayonunun Tüklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 15 ədəd “Dyson” markalı saç fenini işlədiyi cəmiyyətin sədri Tahir Məmmədovun göstərişi əsasında Dubay şəhərindən gətirmişdir. Həmin fenləri bəyan etməmişdir. Birinci dəfədir ki, özü ilə mallar gətirmiş və malların bəyan edilməsini bilməmişdir. Sonra isə çıxılmaz vəziyyətdə qaldığından gömrük orqanı əməkdaşlarını aldatmaq istəmişdir. Gətirdiyi mallardan yalnız telefon onun özünə məxsus olmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq, protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, 00800-00558/24 saylı protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə 49603 saylı Küveyt-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs baqaj lentindən götürdüyü çemodanın üzərinə vurulmuş qırmızı lenti sökmüş, həmin baqajı, əl yükü olan bir ədəd boz rəngli çemodanı və bir ədəd bel çantasını arabanın üzərinə yerləşdirərək saat 01:59-da Terminal 1-də “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gəliş zalını tərk etmək istəyərkən saxlanılaraq gömrük yoxlamasından keçirilməsi üçün “Qırmızı kanala” yönləndirilmiş, bu zaman sərnişin özünü xarici vətəndaş kimi təqdim edərək, ingilis və ərəb dillərində danışmağa başlamış, əməkdaşlar sərnişindən pasportunu tələb etsələr də, “Qırmızı Kanal” vasitəsilə yoxlanılmalı olduğunu bildirsələr də, o, sanki başa düşməmiş kimi gəliş zalına qayıdaraq oturacaqda əyləşmiş, təxminən 20 dəqiqə oturacaqda gözlədikdən sonra yenidən gəliş zalından “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə keçmək istəyərkən gömrük əməkdaşı tərəfindən saxlanılaraq, qanunvericiliyin tələbləri izah olunmaqla “Qırmızı Kanala” yönləndirilmiş, sərnişin eyni qaydada sanki heçnə başa düşməmiş kimi gəliş zalına qayıtdıqda, əməkdaşlar belə olan halda gömrük orqanının qanuni tələbinə əməl etmədiyinə görə barəsində tədbir görəcəklərini bildirmiş, bundan sonra çıxılmaz vəziyyətdə qalan sərnişin Şəxs özünün Azərbaycan Respublikası vətəndaşı olduğunu bildirmiş, baqajı və əl yüklərini “Qırmızı kanal buraxılış sistemində quraşdırılmış rentgen aparatının lentinin üzərinə yerləşdirmiş, qurğusunun müşahidə monitorunda sərnişinə məxsus mallar yoxlanılarkən çox sayda elektrik qurğu görsənmiş, bundan sonra ona məxsus mallara yoxlama keçirilməsi üçün T1 Terminalının gəliş zalındakı yoxlama otağına dəvət olunmuşdur. Orada dəvət olunmuş 2(iki) nəfər hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı, Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən gömrük nəzarətindən “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə keçirmək istədiyi 1 ədəd baqajı, əl yükü olan bir ədəd boz rəngli çemodanın və bir ədəd bel çantasının içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmamış, əvvəlcədən yazılı, şifahi və elektron formada bəyan edilməmiş ümumilikdə 12 (on iki) ədəd “Dyson airstrait” markalı və 3 (üç) ədəd "Dyson airwrap complete long” markalı saç feni və 1(bir) ədəd İmei kodları **********39664/**********39666 olan “Samsung Galaxy S23 Ultra” markalı mobil telefon aşkar olunaraq, protokol əsasında götürülmüşdür. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma çərçivəsində aşkar olunmuş malların dəyərini müəyyənləşdirmək üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 3-33-3100/2002509/2024 nömrəli məktubla müraciət olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-16/2- 9/4929/2024 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş yeni vəziyyətdə olan 12 (on iki) ədəd “Dyson airstrait” markalı və 3 (üç) ədəd “Dyson airwrap complete long” markalı saç feni və 1 (bir) ədəd İmei kodları **********39664/**********39666 olan “Samsung Galaxy 523 Ultra” markalı mobil telefonun 15 iyun 2024-cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 15200 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi dəyəri 15200 manat məbləğində malları gömrük orqanına mütləq bəyan etməli olduğu halda bəyan etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini məhkəmə, iş üzrə onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxsnın inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 15200 manat məbləğin qırx faizi miqdarında, yəni 6080 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-in 115.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən iş üzrə maddi sübut kimi tanınmış 12 ədəd “Dyson Airstrait” markalı, “HT01” modelli saç feni, 3 ədəd “Dyson Airwrap HS05” modelli complete long markalı saç feni, İMEİ kodları **********39664 və **********39666 olan “Samsung Galaxy” markalı, “SM-S918B/DS” (S23 Ultra) model, 256 GB yaddaş tutumlu mobil telefon hazırki qərar qanuni qüvvəyə mindikdən sonra sahibi Şəxs qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (15200 manatın) qırx faizi miqdarında, yəni 6080 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış 12 ədəd “Dyson Airstrait” markalı, “HT01” modelli saç feni, 3 ədəd “Dyson Airwrap HS05” modelli complete long markalı saç feni, İMEİ kodları **********39664 və **********39666 olan “Samsung Galaxy” markalı, “SM- S918B/DS” (S23 Ultra) model, 256 GB yaddaş tutumlu mobil telefon hazırki qərar qanuni qüvvəyə mindikdən sonra sahibi Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar