Məhkəmə qərarları › İş №3(003)-1595/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1595/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1595/2024 23.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1974-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə X7 3-cü Polis şöbəsinə müraciət edərək təxminən iki aya yaxın vaxt ərzində “tiktok” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Aydın adlı şəxs tərəfindən nəlayiq ifadələr ilə təhqir olunur. Həmçinin ərizəsində bildirmişdir ki, həmin şəxs dəfələrlə onun yaşadığı evə gələrək hasardan aşmaqla həyətə daxil olmuş, ondan çıxıb getməsini tələb etdikdə Liliya Qruşkoya qarşı nəlayiq ifadələr işlədərək təhqir etmiş, bu səs-küyə qonşuları da şahid olmuşdur. Bundan o, digər polis əməkdaşları ilə birlikdə Liliya Qruşkonun yaşadığı evə getmişdir. Orada onu təhqir edən şəxsin gəlməsini gözləmişlər. Gecə vaxtı Şəxs hasardan aşaraq həyətə daxil olmuşdur. Bundan sonra o, saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Orada müəyyən edilmişdir ki, onun adı bayram deyil, Adəmdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Liliya ilə “tik-tok” sosial şəbəkəsində tanış olmuş, münasibətləri yaranmışdır. Bundan sonra Liliyanın evinə gəlib-getmiş, birlikdə restoranlara getmişdir. xx.xx.2024-cü il tarixdə Liliyanın evinə gəldikdə hasardan aşmamışdır. Hasar 3 metrə yaxındır və ora çıxmaq mümkün deyil. Bir dəfə Liliya ona bildirmişdir ki, evində olan duş aləti sınmışdır. Ona görə də Liliyanın evinə usta aparmışdır. Lakin Liliya yatmış olduğundan həyətə hasardan aşmaqla keçmişdir. Evinin qapısını döydükdən sonra Liliya qapını açmışdr. Həmin zaman yıxılmış, əli zədələnmişdir. Bu hadisə təxminən 1 ay əvvəl olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, Adəm dəfələrlə hasardan tullanaraq həyətə daxil olmuş və səhərə qədər həyətdə yatmışdır. Bir neçə dəfə bununla bağlı etirazını bildirmiş, lakin Adəm yenədə öz hərəkətlərini davam etdirmişdir. Adəm, 1 ay əvvəl də hasardan tullanaraq həyətə daxil olaraq evin qapısını döymüşdür. Qapını açdıqda Adəmin içkili olduğunu görmüşdür. Adəm ona bildirmişdir ki, qızı ilə gəlmiş və qızının onunla tanış olmaq istədiyini deyərək onunla getməsini bildirmişdir. O çölə çıxdıqda maşında başqa bir kişinin oturduğunu görmüş və getməkdən imtina etmişdir. Bundan sonra Adəm onunla mübahisə etməyə başlamış, onu təhqir etmiş və hədələməyə başlamışdır. Bu hala qonşuluqda yaşayan şəxslər də şahid olmuşdur. Adəmin çıxıb getmədiyi gördükdə qızına zəng vurmuş və qızı Adəmlə danışaraq səs-küyə qonşuların da şahid olmasını və ayıb olmasını bildirərək çıxıb getməsini tələb etmişdir. Adəm bundan sonra çıxıb getmişdir. Əvvəl Adəm ona özünü Aydın Əliyev kimi təqdim etmiş, onunla ciddi münasibət quracağına söz vermiş, valideynləri ilə tanış etmişdir. Daha sonra isə Adəmin ciddi olmadığını görmüş və onunla münasibətlərinin davam etdirməkdən imtina etmişdir. Bundan sonra Adəm onu təhqir etməyə, hədələməyə başlamışdır. Sonda görmüşdür ki, Adəm onu çox hədələyir və hər zaman spirtli içki qəbul etdiyindən bu vəziyyətdə ona nəsə edə bilər. Ona görə də polisə şikayət etmişdir. Məhkəmə, proses iştirakılarını izahatlarını dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 2024-cü ilin iyul ayının əvvəlində və ortalarında müəyyən vaxtlarda Liliya Qruşkonun yaşadığı həyətə gələrək hasarı aşmış və sonuncunu nalayiq ifadələrlə təhqir etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İş üzrə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs son bir ayda ünsiyyətdə olduğu X4 yaşadığı evə gələrək hasardan keçməklə evin həyətinə daxil olmuş, daha sonra isə Liliya Qruşko ilə mübahisə edərək ona qarşı nəlayiq ifadələr işlətməklə onu təhqir etmişdir. İşin hallarından da görünür ki, hadisənin şahidi qonşuluqda yaşan şəxslər olmuşdur. Bununla da müəyyən olunur ki, Şəxs tərəfindən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edilmiş, həmçinin bu hərəkətlər cəmiyyətin üzvü olan X1i mənafelərinə toxunmuşdur. Bu hərəkətləri ilə o, ictmai qaydanın pzoulmasına səbəb olan hərəkətlər etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.3-cü maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, həmçinin onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə çatmasının mümkün olmayacağını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 7 (yeddi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 X2 həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar