Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-16/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X4, Qərarından şikayət verilmiş səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayədəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsilə ona 2500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, Xəzər rayonu, Zirə qəsəbəsi, "xxxx" MMCnin ərazisində X6sının müsbət rəyi olmadan dib dərinləşdirmə işləri aparılmışdır. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Aşağıda qeyd edilənlərə görə həmin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasını əsassız və qanunsuz hesab edir. Ümumiyyətlə "xxxx" MMC-nin ərazisində dib dərinləşdirmə işləri aparılmamış və həmin işlərin aparılması inizbati orqan tərəfindən sübuta yetirilməmişdir. "xxxx" MMC-nin ərazisində X6sının müsbət rəyi olmadan dib dərinləşdirmə işlərinin aparılması inzibati orqan tərəfindən müəyyən edilsə belə, həmin işlərin ətraf mühitə faktiki olaraq mənfi təsir göstərməsi və mənfi nəticələri sübuta yetirilmədiyindən, həmin maddəyə əsasən yenə də inzibati xəta tərkibi yaranmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə diqqət yetirdikdə həmin maddənin dispozisiyasında “X6sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, ... təsərrüfat və sair fəaliyyətin həyata keçirilməsi” ifadəsi qeyd edilmişdir. Həmin ifadədən aydın olur ki, inzibati xəta tərkibinin yaranmasından ötrü X6sının müsbət rəyi olmadan hər hansı təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi deyil, məhz ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən təsərrüfat va sair fəaliyyətin həyata keçirilməsi baş verməlidir. Yəni, qeyd olunan maddəyə əsasən inzibati xəta tərkibinin yaranmasından ötrü X6sının müsbət rəyi olmadan həyata keçirilən həmin fəaliyyət məhz ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərməlidir. Başqa sözlə, əməlində inzibati xəta tərkibinin qeyd olunan maddədə göstərilmiş bütün əlamətləri mövcud olmalıdır. Bu hal da məhz inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Lakin, inzibati orqan tərəfindən inzibati məsuliyyət müəyyən edən qanunun həmin norması düzgün tətbiq edilməmiş və "xxxx" MMC-nin ərazisində X6sının müsbət rəyi olmadan dib dərinləşdirmə işlərinin aparılması müəyyən edilsə belə, həmin işlərin ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərməsi və necə təsir göstərməsi, həmin təsirlərin faktiki olaraq ətraf mühitdə yaratdığı mənfi nəticələri, halları sübuta yetirilməmişdir. Belə ki, əməlində AR İXM-nin 275.1.1-ci maddəsində göstərilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin olması inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. "xxxx" MMC-nin rəhbəri olaraq inzibati məsuliyyətə cəlb olunmağından ötrü dib dərinləşdirmə işlərinin X6sının müsbət rəyi olmadan aparılmasının aşkarlanması kifayət etmir, inzibati xəta tərkibinin bütün digər əlamətlərinin, yəni dib dərinləşdirmə işlərinin ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərməsinin və onun təqsirinin olmasının sübut edilməsi qanunvericiliyin tələbidir. İnzibati xəta haqqında işin materiallarında bu halları, yəni əməlində inzibati xıta tərkibinin bütün əlamətlərinin mövcudluğunu sübut edən heç bir dəlil yoxdur. Göründüyü kimi, ümumiyyətlə "xxxx" MMC-nin ərazisində dib dərinləşdirmə işlərinin aparılması inzibati orqan tərəfindən sübuta yetirilməmişdir, həmin işlərin aparılması, o cümlədən X6sının müsbət rəyi olmadan aparılması inzibati orqan tərəfindən müəyyən edilsə belə, işlərin məhz ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərməsi, yəni həmin işlərin ətraf mühitə mənfi təsir edən işlərin olması sübuta yetirilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən inzibati tərkibin yaranmasından ötrü bütün tərkib əlamətləri mövcud olmalıdır, yəni həmin maddənin dispozisiyasında göstərildiyi kimi X6sının müsbət rəyi olmadan aparılan dib dərinləşdirmə işlərinin məhz ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərməsi halı baş verməlidir ki, bu da inzibati orqan tərəfindən müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Məhkəmə iclasında iştirak etmiş X7 izahatında göstərdi ki, dəniz administrasiyasına tabe olduqları üçün onların göstərişi ilə gəmilərin rahat hərək etməsi üçün ərazidə dib dərinləşdirmə işləri aparılmışdır. Lakin ekologiyaya heç bir təsir göstərilməmişdir. Ekspert rəyi alınmamışdır. Qeyd olunan işlər 2024-cü ilin noyabr və ya dekabr ayında görülmüşdür. Bununla bağlı qeyri-qanuni olaraq qərar qəbul edilmişdir. Qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayədəsi X5 şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirmişdir ki, şikayətçi qazıntı işləri aparmamışdan öncə ekoloji ekspertizasının rəyini almadan qanunsuz olaraq, qazıntı işləri apararaq qum daşımışdır. İdarənin əməkdaşları və X4 iştirakı ilə əraziyə baxış keçirilmiş və müvafiq olaraq akt tərtib edilmişdir. Bu səbəbdən də, xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək, X7 2500 manat cərimə edilmişdir. Hazırda şikayəti əsassız hesab edir və şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-14370/2024 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində (Xəzər dənizinin sahilboyu 20- 50 metrlik zolağı) monitorinq keçirilmişdir. Monitorinq zamanı Nicat adlı şəxs tərəfindən dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateoriyasına aid təqribən 1,0 hektar ərazidən (X-441890; Y-4463142) qum daşınması faktı aşkar olunmuşdur. Elektron kadastr məlumat bazalarında araşdırma zamanı həmin torpaq sahəsinə dair hər hansı bir şəxsin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnun olmadığı müəyyən edilmişdir. Sözügedən faktla bağlı yuxarıda göstərilən Əsasnamənin 9.5-ci bəndini nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən torpaq sahəsinin özbaşına tutulmasının (zəbt edilməsinin), həmçinin torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata keçirilən işlərin qarşısının alınması məqsədilə müvafiq araşdırma aparılmasını, fakt təsdiqini tapdığı təqdirdə təqsirkar şəxsin məsuliyyətə cəlb olunmasını (daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlar barədə Xidmətin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesiri publik hüquqi şəxsin tabeliyindəki 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq arayışı teqdim edilir), Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsini, nəticəsi barədə Xidmətə məlumat verilməsini xahiş edirik”. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 87891 saylı aktın surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3/2-14370/2024 saylı “Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yaşayış məntəqələri torpaqlarına aid edilən 1 ha torpaq sahəsindən qum daşınması faktı ilə bağlı müraciət yerində araşdırıldı. Araşdırma zamanı Xəzər rayonu Zirə qəsəbəsi (39 T X 441890; Y4463142 nömrəli kordinatlar) Zirə dəniz limanının ərazisində dəniz limanının dərinləşdirilməsi məqsədilə dənizin dibinin qazılaraq kənardakı boş əraziyə doldurulması faktı aşkar olundu. Araşdırma müddətində müraciətdə adı qeyd olunan Nicat adlı şəxslə telefon əlaqəsi saxlanılmış (***-***-**-**) və o, sözügedən işlə bağlı texnikasını icarəyə verdiyini və işin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən dibdərinləşdirmə işlərinin aparılması ilə bağlı müraciəti əsasında aparıldığını bildirdi. Aparılan araşdırma zamanı ərazidə aparılan işlərin qanunamüvafiq qaydada aparılıb-aparılmaması məqsədilə X6 Agentliyinə müraciət məktubu ünvanlanmış və cavab olaraq görülən işlərin X6sının müsbət rəyi olmadan həyata keçirildiyi müəyyən edilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyinə dəvət məktubu göndərilərək araşdırılmaya dəvət olunmuş və araşdırmada iştirakı təmin edilmişdir. Akt 2 (iki) nüsxədən ibarət tərtib olundu. Ərazidən çəkilən foto şəkillər və toplanmış materiallar akta əlavə edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 rayonu, Zirə qəsəbəsi, "xxxx" MMC-nin ərazisində X6sının müsbət rəyi olmadan dərinləşdirmə işləri aparması səbəbindən Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsində təqsirli bilinərək barəsində 2500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən X6sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X6sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə - fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. “Ətraf mühitin mühafizəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası qanununun 50-ci maddəsində göstərilmişdir ki, “Ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir”. Həmin Məcəllənin 51-ci maddəsində göstərilmişdir ki, “Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.
2. Ekoloji ekspertizanın vəzifələri aşağıdakılardır:
2.1. ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək; 2.2. ətraf mühitə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq; 2.3. ekoloji ekspertiza obyektlərinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək; 2.4. ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək; 2.5. ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq. Şikayətə baxılması ilə bağlı araşdırılmış hallardan müəyyən olunur ki, X2 rayonu, Zirə qəsəbəsi, "xxxx" MMC-nin ərazisində X6sının müsbət rəyi olmadan dərinləşdirmə işləri aparması səbəbindən Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsindənəzərdə tutulmuş xətanı törətməsində təqsirli bilinərək barəsində 2500 manat məbləğində cərimə edilmişdir. Şikayətə baxılması ilə bağlı müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə qeyd edir ki, X2 rayonu, Zirə qəsəbəsi, "xxxx" MMC-nin ərazisində X6sının müsbət rəyi olmadan dib dərinləşirmə işləri aparmışdır. Bu hal şikayətçinin izahatı, eləcə də, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə nəzərə çatdırır ki, X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh tədbiri haqqında qərar qəbul edildiyi vaxt X6sını rəyini almadan qazıntı işləri aparması halı təsdiq olunduğundan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qanuni olaraq MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi İnzibati Xətalar Məcəlləsinin “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yerləşdirilməklə ətraf mühitə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək qərarların qəbul edilməsinin və işlərin həyata keçirilməsinin qarşısını almaq, bununla da ətraf mühitin mühafizəsinin təmin etmək məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən İlham Cəfərzadə