Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1603/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin TP7296378 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin TP7296378 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində xx.xx.2025-ci il tarixdə özünə məxsus 99 RT647 Cevrolet cruiz minik maşını ilə hərəkətdə olarkən Azneft adlanan dairəyə yaxınlaşıb dairəyə daxil olmaq istəyən 99GD752 honda incing dövlət qeydiyyat nömrəli minik maşına yol verdikdən sonra dairəyə daxil olmuşdur. Dairəyə birinci yoldan daxil olan 99GD752 honda incing minik maşını qəfləti manevr edərək yolun sağ çiyninə heçbir xəbərdaredici işıqlardan istifadə etmədən keçərkən onunla yola daxil olan və ondan sağ yolda olan yük maşınını görüb qəfləti əyləci basaraq qəza şəraiti yaradıb və qəzaya səbəb olumuşdur. 99GD752 honda incing minik maşının sürücüsü maşından enərək üzürxahlıq etmiş və ona bildirmişdir ki, yük maşını onun qəfləti əyləcə basmasına səbəb olduğundann belə qəza qaçılmaz oldu. Ona öz aralarında razılaşma təklif etsə də o bununla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmiş və hadisə ilə bağlı şəkilləri çəkmişdir. Hadisə yerinə gələn cavabdeh Bakı şəhəri X7 İdarəsinin baş inspektoru polis mayoru X1 xx.xx.2025-ci il tarixdə idarəyə yaxınlaşmağı nəzərinə çatdırmışdır. Göndərişə əsasən alko testdən keçdikdən sonra X7 idarəsinə yaxınlaşmılş ona İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə (327.2 - yolayrıcını keçmə qaydalarının pozulması - 327.2 -ci) İXP ******* - 90.00 AZN protokol tərtib edildi bildirilmişdir. Onun barəsində verilən inzibati qərarla razı olmadını izahatında bildirmiş və verilən qərarı və hadisənin sxemini, video görüntülərini fiziki olaraq tələb etsə də verməmişlər. Lakin ASAN pay sistemi üzərindən verilmiş protokol və qərarı görmək olar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqlarında qeyd olunur ki, yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər.“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində hərəkətə başlama, manevr etmə: Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir. Sürücülərə: nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək; lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq; yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır. Onu da qeyd etmək istəyir ki, ona tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə - yolayrıcını keçmə qaydalarının pozulması “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununda yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin qanunun 42-ci maddəsinin Vİ hissəsində qeyd edilib ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Yuxarıda qeyd etdiyi qanunun tələblərinə əsaslanaraq bildirmək istəyir ki, o yol hərəkətini tənzimləyən bütün hərəkətlərə əməl etsə də 99GD752 honda insing minik maşının sürücüsü bu tələbləri pozmuş və qəza şəraiti yaratmışdır. Lakin X7inin məsul əməkdaşı inzibati qərar ona tərtib etmişdir. Tərtib olunmuş protokoldan və qərardan hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə yuxarı inzibati orqana yazılı şikayət ünvanlamışdır. Lakin bu hadisə ilə bağlı video görüntülərdən hadisəyə səbəb olan 99GD752 honda insing minik maşınının olduğu aydın görünsə də və sürücü öz səhfini etiraf edərək ona sövdələşmə təklif etsə də haqsız olaraq qərar ona yazılmışdır. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin TP7296378 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclaslarında X3 şikayətini müdafiə edərək şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin TP7296378 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin TP7296378 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, İXP7182641 nömrəli protokol əsasında X3, xx.xx.2025-ci il tarixində, saat 12:24-də Chevrolet Cruze markalı 99KT647 dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, X3, xx.xx.2025-ci il tarixində, saat 12:24-də Chevrolet Cruze markalı 99KT647 dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozduğuna görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Şikayətin əsasını isə inzibati xətanın törədilməsi istinad edilən onun inzibati xəta hadisəsi törətməməsi, yolayrıcını keçmə qaydalarını pozmaması, digər nəqliyyat vasitəsinin sərt tormozla aparması təşkil edir. Eyni zamanda müəyyən olunur ki, törədilməsində istinad edilən inzibati xəta ilə bağlı X2 razılaşmaması nəzərə alınmamış və bu razılaşmamanın əsasları ətrafında səlahiyyətli orqan tərəfindən əlavə araşdırma aparılmadan X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu hal inzibati tənbeh tədbiri haqqında qərarda göstərilməməklə şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada Bakı şəhər Baş X7i İdarəsinə məlumat verilməsinə baxmayaraq TP7296378 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də, şikayət qismən əsaslı hesab edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında X3 barəsində qəbul edilmiş TP7296378 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında X3 barəsində qəbul edilmiş TP7296378 nömrəli, xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-1603/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1603/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver