Məhkəmə qərarları › İş №3(003)-1607/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1607/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1607/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-6677/2017 saylı icra vərəqəsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində icra vərəqəsi üzrə tələb icra edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 verdiyi izahatında bildirmişdir ki, icra vərəqəsi icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu Şəxs adıçəkilən icra sənədinin icrasından yayınmış və icra sənədinin icrasını dolayısı şəkildə icra etməmişdiir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və adına heç bir əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə borc 1858 manat təşkil etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmalarına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-6677/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışın surətindən görünür ki, Şəxs "xxxx" MMC və "xxxx" MMC-də bədii rəhbər vəzifəsində işləyir və onun aylıq əmək haqqı müvafiq olaraq 500 və 460 manat təşkil edir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışın surətindən görünür ki, Şəxs ixtisaslaşdırılmış geniş ceşiddə olan malların topdan satışı fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İnzibati xətalara dair qanunvericiliyin mənasına görə inzibati məsuliyyətə cəlb olunması üçün şəxs İXM-in xüsusi hissəsində nəzərdə tutulmuş xətanın bütün əlamətlərini daşıyan hüquqazidd əməli təqsirli törətmiş olmalıdır. Məhkəmə baxılan işin hallarına münasibətdə qeyd edir ki, borclunun daimi iş yeri və aylıq qazancı olmasına baxmayaraq icra sənədi üzrə olan aliment borcunun onun aylıq qazancına yönəldilməsi istiqmətində icra məmuru tərəfindən heç bir icra hərəkətləri edilməmişdir. Belə ki, “İcra Haqqında” Qanunun 43.1.2-ci maddəsində tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra təbdiri kimi göstərilmişdir. Lakin icra məmuru tərəfindən bu icra tədbirləri həyata keçirilməmişdir. Belə ki, iş materiallarında göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin faktiki iki iş yeri mövcuddur və onun aylıq əmək haqqı müvafiq olaraq 500 və 460 manat təşkil edir. Qeyd etmək lazımdır ki, borclunun borcun onun aylıq əmək haqqına yönəldilməsi ilə bağlı adıçəkilən icra tədbiri həyata keçirilsəydi, bu icra sənədi üzrə borcun böyük hissəsinin tələbkara ödənilməsinə səbəb ola bilərdi. Bütün qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, icra məmuru tərəfindən lazımı icra hərəkətlərinin vaxtında görülməməsi icra sənədi üzrə 1858 manat borcun yaranmasına səbəb olmuşdur. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ixtisaslaşdırılmış geniş ceşiddə olan malların topdan satışı fəaliyyəti ilə məşğul olur. Həmçinin bu hal ilə bağlı icra məmuru tərəfindən araşdırılma aparılmayaraq, onun qeyd edilən fəaliyyət nəticəsində aylıq gəlirləri müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 529.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar