Məhkəmə qərarları › İş №3(003)-1615/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1615/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1615/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolu nəzərdən keçirdikdən sonra hesab edirəm, təqdim olunmuş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında protokol da qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, protokol Azərbaycan Respublikası İXM-in 100.1.4, 100.2, 100.3 və 100.4-cü maddələrinin tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2024cü il tarixli protokolda inzibati xətanın törədildiyi vaxt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı, ona hüquq və vəzifələrinin izah edilməsi, protokolun surətinin ona verilməsi və onun tərəfindən protokolun imzalanması və ya imza etməkdən imtina etməsi barədə halların mövcud olmasının müəyyən edilməsi də mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, protokol düzgün tərtib edilməmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar digər sübutlarla yanaşı inzibati xəta haqqında protokolla da müəyyən olunur. Odur ki, qanunvericiliyin tələbləri əsasında tərtib edilməyən protokolun iş üzrə sübut kimi qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar