Məhkəmə qərarları › İş №3(003)-1625/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1625/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1625/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 25 iyul 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 izahat verərək bildirdi ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(003)-1899/20 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Şəxs 09 iyun 2020-ci il tarixdən başlayaraq 18 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbəğində müəyyən olunaraq hər ay 170 manat alimentin tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra vərəqəsi 03 dekabr 2020-ci il tarixdə şöbəyə daxil olmuş və həmin tarixdə icraata başlanılması barədə qərar qəbul olunaraq borcluya bildiriş və tələbkara məlumat təqdim olunmuşdur. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün 13 avqust 2021-ci il tarixdə barəsində məcburi gətirilmə barədə qərar qəbul olunaraq aidiyyəti üzrə polisə göndərilmiş və borcluya bu barədə məlumat göndərilmişdir. Borclu Şəxs 18 noyabr 2021-ci il tarixdə Bakı Şəhəri Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq şöbəyə təhvil verilmiş və barəsində inzibati xəta haqqında protokol tətib olunaraq baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim olunmuşdur. Həmin rayon məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 3(003)-1474/2021 saylı qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs tənbeh növü tətbiq olunmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 8(003)- 229/2021 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan əlavə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən borclu barəsində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 3 (003)-416/2021 saylı qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs tənbeh növü tətbiq edilmişdir. Lakin, buna baxmayaraq borclu icra sənədinin icrasını təmin etməkdən boyun qaçırmışdır. Şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə başlanılmış və ibtidai istintaq yekunlaşdırılraq məhkəməyə gödırilmişdir. Xəzər rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü ilə Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şəxs həbsdən çıxdıqan sonra da icra sənədi üzrə tələbi icra etməkdən boyun qaçırmışdır.Hal-hazırda Şəxs Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(003)-1899/20 saylı icra vərəqəsinə əsasən olan borcu 5390 manat təşkil edir. Şəxs icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə müəyyən olunmuş borcunu ödəməməyini maddi vəziyyətinin aşağı olması ilə əlaqələndirmiş və borcunu hissə-hissə ödəmək üçün ona müəyyən qədər vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs Şəxs adıçəkilən icra sənədinin icrasından qəsdən yayındığını qeyd edərək onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(003)-1899/20 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 09 iyun 2020-ci il tarixdən başlayaraq 18 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində müəyyən olunaraq hər ay 170 manat alimentin tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədi üzrə müəyyən olunmuş aliment borcunu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən üzrsüz olaraq boyun qaçırmışdır. Törətdiyi bu əmələ görə iki dəfə inzibati həbs növündə inzibati məsuliyyətə və bir dəfə isə azadlıqdan məhrum etmə növündə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin nəticə çıxarmamış və icra sənədi üzrə tələbi icra etməmişdir. Hazırda onun icra vərəqəsi üzrə ödənilməmiş borcu 5390 manat təşkil edir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment borc öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, ödənilməmiş borcun miqdarını, onun törətdiyi inzibati xətaya münasibətini, xüsusi ilə əvvəllər eyni əmələ görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X10 X2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar