Məhkəmə qərarları › İş №3(003)-1647/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1647/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1647/2021 09.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X2 iştirakları ilə, 18 fevral 1989-cu il tarixdə Laçın rayonunun Sadınlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Laçın rayonun Sadınlar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu 101 saylı yataqxanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Bakı şəhəri Xəzər RPİ 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs 10 iyul 2021-ci il tarixdə, saat təxminən 00:10 radələrində X3 ilə X4 ilə aralarında hamamdan istifadə etmək üstündə mübahisə yaranmış və mübahisə zamanı Rəşad Rəhiləni qəsdən döyərək, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən 09 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında 3-cü PŞ-nin sahə rəisi, polis mayoru Sübhan Cəbiyev göstərdi ki, 10 iyul 2021-ci il tarixdə saat 00:10 radələrində X3 ilə X4 ilə aralarında hamamdan istifadə etmək üstündə mübahisə yaranmış və mübahisə zamanı Şəxs Rəhiləni qəsdən döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində tərəfindən 09 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu 101 saylı yataqxanada yaşayır. X3 onunla qonşuluqda yaşayır, aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. 10 iyul 2021-ci il tarixdə saat 00:10 radələrində hamamdan istifadə etmək üstündə aralarında mübahisə yaranmış və mübahisə zamanı Xəyalənin əri Rəşad onun üz nahiyəsindən əli ilə zərbə vurmuşdur. Orada kənar şəxslər olmamışdır, dərhal evinə gedib “102” zəng mərkəzinə müraciət etmişdir. Hazırda o, Rəşad ilə barışmışdır, buna görə də onun ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək barışmalarının nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, X4 ilə qonşuluqda yaşayır, aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. 10 iyul 2021-ci il tarixdə saat 00:10 radələrində onun arvadı Xəyalə ilə Rəhilə arasında hamamdan istifadə etmək üstündə mübahisə yaranmış və o, Rəhilənin üz nahiyəsindən əli ilə zərbə vurmuşdur. Hazırda o, Rəhilə ilə barışmışdır, ona qarşı şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək inzibati xətanı törətmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 18 fevral 1989-cu il tarixdə Laçın rayonunun Sadınlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Laçın rayonun Sadınlar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu 101 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar