Məhkəmə qərarları › İş №3(003)-1652/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1652/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1652/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 2 azyaşlı uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 18 oktyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 18 oktyabr 2022-ci il tarixdə Xəzər rayonu, Şağan qəsəbəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər 3 dəfə Azərbaycan Respublikası CM-nin 177, 178 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 2 il müddətində narkotik vasitə olan heroindən gündə bir dəfə olmaqla istifadə etmiş, son 1-2 ay ərzində narkotik qəbul etmir. Hal-hazırda heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində Şağan qəsəbəsində olarkən 3 nəfər polis əməkdaşının ona yaxınlaşdığını görüb əvvəllər bir neçə dəfə məhkum olunduğuna görə qorxmuş və oradan qaçmışdır. Polis əməkdaşlarının bir neçə dəfə ondan geri qayıtmasını tələb etmələrinə baxmayaraq o, oradan uzaqlaşmağa çalışmışdır. Sonradan polislər onu saxlayaraq şöbəyə aparmışlar. Əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağının olduğunu nəzərə alaraq barəsində yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 07:05 radələrində Xəzər rayonu, Şağan qəsəbəsində polis əməkdaşlarının ona yaxınlaşdığını görüb oradan qaçmışdır. Polis əməkdaşlarının bir neçə dəfə ondan geri qayıtmasını tələb etmələrinə baxmayaraq o, oradan uzaqlaşmağa çalışmışdır. Bununla da o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin ƏÇPA-nın 11-ci patrul bölüyünün əməkdaşları V.V.Hacıyev, N.M.Həsənov və Y.C.Yusifovun raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 07:05 radələrində Şağan qəsəbəsində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşdıqda qaçmağa başlamışdır. Onlar həmin şəxsi tutaraq 1-ci PŞ-nə dəvət etmişlər və orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə Şəxs əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs səlahiyyətli şəxslərin hüquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkəti davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi hesab edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, heç bir yerdə işləməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-da tutulmuşdur. Lakin məhkəmədə müəyyən olundu ki, Şəxs polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 07:05 radələrində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Şəxs azadlığı həmin vaxtda məhdudlaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tutmanın əvvəli xx.xx.2022-ci il tarixdə saat 07:05-dən hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 18 oktyabr 2022-ci il saat 07:05-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar