Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1652/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Hacıqabul rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, Hacıqabul rayonu, Ələtli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi ünvanında yaşayan X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 29 iyul 2024-cü il tarixli protokol tərtib edilərək Z.Gülmalıyevin inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(071)-121/2021 saylı icra vərəqəsinə əsasən, X4 xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 70 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. İcra vərəqəsi icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədləri üzrə borcunu könüllü ödəməsi ilə bağlı müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu X12 adıçəkilən icra sənədinin icrasından yayınır və icra sənədinin icrasını dolayısı şəkildə icra etmir. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Borclunun adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, həmçinin pul vəsaitləri aşkar edilməmişdir. Hazırda icra sənədi üzrə borc 5504 manat təşkil edir. Qeyd edilənlərə əsasən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X7 inzibati xəta haqında protokolun məzmununa uyğun izahat verərək X5 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 maddi imkanının olmaması səbəbindən Hacıqabul rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(071)-121/2021 saylı icra vərəqəsi icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmədiyini, lakin 2024-cü ildən başlayaraq hər ay 350 manat sabit pul məbləğində təyin edilmiş alimenti ödədiyini, əlavə olaraq 280 manat məblğində ödəniş etdiyini qeyd etmiş, həmçinin gələcəkdə əlavə ödənişlər etməklə borcu tam şəkildə ödəyəcəyini bildirmiş, qeyd edilənlərin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(071)-121/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, X4 xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 70 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, 2024-cü ildən başlayaraq borclu X12 tərəfindən tələbkar X1 xeyrinə hər ay 350 manat məbləğində pul vəsaiti ödəniş edilmiş, əlavə olaraq isə 280 manat məbləğində pul vəsaiti tələbkara ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin işin hallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıqabul rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(071)-121/2021 saylı icra sənədi üzrə ümumi borcun müəyyən hissəsini tələbkara şəxsə ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıqabul rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(071)-121/2021 saylı icra sənədi üzrə tələbi tam icra edə bilməməsini maddi imkanının aşağı olması ilə əsaslandırmış, lakin 2024-cü ildən etibarən aliment borcunu hissə-hissə olmaqla daimi olaraq tələbkara ödədiyini və əlavə ödənişlər etdiyini qeyd etmiş, bununla da tələbin icrasından yayınmadığını bildirmişdir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə tələbkara mütamadi olaraq ödənişlər etmişdir və bu səbəbdən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən X5 əməlində inzibati xəta tərkibi yoxdur və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1652/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1652/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver