Məhkəmə qərarları › İş №3(003)-1654/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1654/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1654/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İnzibati qaydada tənbeh edilmiş cərimənin ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixində adına olan İXM-nin 332.3-cü maddəsi ilə tətbiq edilmiş cərimənin ləğv edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət üzrə işə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest vermək hüququnu müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçi qeyri müəyyən tələblə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixində adına olan İXM-nin 332.3-cü maddəsi ilə tətbiq edilmiş cərimənin ləğv edilməsini xahiş etmişdir. Həmçinin şikayətçinin tələbindən hansı orqan tərəfindən qəbul edilmiş, hansı qərarın ləğv edilməsi anlaşılan deyil. Bundan başqa qeyd olunur ki, qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət vermək hüququnu və şikayət vermək müddətini müəyyən etmişdir. Hazırki iş üzrə şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Baş X4 İdarəsinin EQ 16849396 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qərarı nəzərə alındıqda və bununla hesab edilsə ki, şikayət məhz həmin qərarın ləğv edilməsindən ibarətdir, bu zaman şikayət ərizəsinə həmin qərarın hansı tarixdə əldə edilməsi barədə hər hansı bir sübut əlavə edilməməklə buraxılmış müddətin bərpası barədə vəsatət də şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Göstərilənlərə əsasən hesab edirəm ki, şikayət düzgün formada tərtib edilmədiyindən və şikayətə buraxılmış müddətin bərpası barədə vəsatət əlavə edilmədiyindən bu şikayətə hazırda baxılması mümkün deyil. Ona görə də şikayət, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, X1 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati tənbeh qaydasında verilmiş cərimənin ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X1 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar