Məhkəmə qərarları › İş №3(003)-166/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-166/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-166/2021 02.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1967-ci il tarixdə Puşkin (indiki Biləsuvar) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 23 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1269/2020 nömrəli xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X3 xeyrinə 2500 manat məbləğində pul vəsaiti və və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan həmin icra sənədini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu ödəniş etsə də, hazırda onun 1650 manat borcu qalmışdır. xx xxxxxx 2021-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hal-hazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Məhkəmənin gedişində borclu borcundan cəmi 850 manat ödəmişdir. Bunun nəzərə alınaraq borclu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı tələbkara 850 manat ödəniş etmiş, qalan məbləği də yaxın zamanda ödəməyə çalışır. Yaxın vaxtlarda qalıq borcunun tam ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, borclu Şəxs tələbkar X3 hesabına cəmi 850 manat pul köçürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 1650 manat borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində qalıq borcundan 850 manat ödəniş etmiş, qalan məbləği də yaxın vaxtlarda ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1967-ci il tarixdə Puşkin (indiki Biləsuvar) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 23 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar