Məhkəmə qərarları › İş №3(003)-167/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-167/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-167/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə tibbi müayinədən keçmək üçün “Medical House” tibb mərkəzinə getmişdir. Müayinə 3 saatdan artıq vaxt çəkdiyi üçün ona tibbi arayış veriblər. Evə qayıdarkən bir neçə stasionar postdan həmin arayışı təqdim edərək keçsə də, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən postda həmin tibbi arayışa məhəl qoymayaraq ona İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmiş və o, 200 manat məbləğində cərimə olunmuşdur. Bu səbəbdən həmin qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayətçi və inzibati xəta haqqında qərarı qəbul etmiş inzibati orqan Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə şikayətçi və Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 17:56 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “Medical House” Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli, N-32 saylı arayışından görünür ki, X3 xx.xx.2021-ci il tarixdə “Medical House” Tibb Mərkəzində həkim müayinəsində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan publik hüquqi şəxs X2 Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə X1 adına olan icazə 2 indeks üzrə saat 08:09-dan saat 11:09-dək, 1 indeks üzrə isə saat 12:02-dən 15:02dək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi X3 xx.xx.2021-ci il tarixdə, saat 17:56 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilərək, həmin protokol əsasında qəbul edilmiş qərar ilə 200 manat məbləğində cərimə edilmişdir. Şikayətçi öz şikayət ərizəsində həmin gün tibbi müayinədən keçmək üçün “Medical House” tibb mərkəzinə getdiyini, müayinə 3 saatdan artıq vaxt çəkdiyi üçün ona evə qayıtmaq üçün tibbi arayış verildiyini, lakin evə qayıdarkən stasionar postların birində həmin arayışa məhəl qoymayaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə olan müvafiq qərarlarına əsasən sərt karantin rejimi zamanı tətbiq edilən sms icazə qaydalarına uyğun olaraq şəxs 8103 nömrəsinə icazə alınması üçün sms məlumat göndərməli, icazənin verilməsinə dair sms məlumat gəldikdən sonra yaşayış yerini tərk edə bilər. Həmçinin həmin qərarda təxirəsalınmaz və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün də ayrıca olaraq 8103 nömrəsinə sms məlumat göndərilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, ölkə ərazisində xüsusi sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi xx.xx.2021-ci il tarixdə şikayətçinin hərəkətinə icazə verilməsini təsdiq edən sms-icazə 2 indeks üzrə saat 08:09-dan saat 11:09dək, 1 indeks üzrə isə saat 12:02-dən 15:02-dək qüvvədə olmuşdur. Göründüyü kimi şikayətçi xx.xx.2021-ci il tarixdə hər iki hal üzrə yaşayış yerini tərk etmək üçün sms-icazə almışır. Lakin şikayətçiyə inzibati xəta haqqında protokol tərtib edilərkən ona yaşayış yerini tərk etmək üçün verilən müvafiq sms-icazə qüvvədə olmamışdır. Bu isə onun həmin vaxt yaşayış yerini tərk etmək üçün müvafiq icazəsinin olmaması anlamına gəlir. Şikayətçi öz ərizəsində həmçinin ona tibb mərkəzi tərəfindən tibbi arayış verildiyini lakin bu arayışın ona inzibati xəta haqqında protokool tərtib edilərkən nəzərə alınmadığını qeyd etmişdir. Məhkəmə bu məsələyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına əsasən şəxsə təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün 3 saat müddətinə sms-icazə verildikdə yalnız rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda şəxsin olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir. Lakin göründüyü kimi hazırki iş üzrə şikayətçi ünvan 1 ünvanında yaşayır, onun müalicə məqsədilə getdiyi tibb müəsisəsi isə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlil küçəsi 206 C ünvanında yerləşir. Göründüyü kimi şəxsin faktiki yaşadığı ünvan və müayinədən keçdiyi tibb müəssisəsi Bakı şəhərinin ərazisində yerləşir. Həmçinin şikayətçiyə tibb mərkəzi tərəfindən verilmiş tibbi arayışda onun həmin mərkəzi tərk etmə vaxtı (saatı) qeyd edilməmişdir. Bu hal isə onun geri qayıtma müddətinin həkim tərəfindən verilən arayışla müəyyən edilməsini mümkünsüz edir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçinin öz ərizəsində qərarın ləğvi üçün göstərdiyi yuxarıda qeyd olunan hal (tibbi arayış) əsaslı olmadığından məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Baş Polis İdarəsi X5 İdarəsinin xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar