Məhkəmə qərarları › İş №3(003)-167/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-167/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-167/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Şəxs xx xxxxxx 1961-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, «Azəristilik» Asc-də işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 23 dekabr 2022-ci il tarixli protokola əsasən Şəxs 11 dekabr 2022-ci il tarixdə, saat 12:30 radələrində idarə etdiyi «Chevrolet Cruze» minik markalı, **-SU-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 15 dekabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 11 dekabr 2022-ci il tarixdə, saat 12:30 radələrində idarə etdiyi «Chevrolet» minik markalı, **-SU-*** dövlət nömrə nişanlı avtomobillə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivindən Maştağa qəsəbəsi istiqamətində sağdan birinci zolaqdan ikinci zolağa keçən zaman həmin zolaqla arxa istiqamətdə gələn «Kia» markalı avtomobil onun avtomobilinin sol tərəfindən vurmuşdur. Zərbənin təsirindən onun avtomobili sürüşərək yolun əks istiqamətində dayanmış «Wolksvagen Touareg» markalı avtomobilin qabaq sol tərəfinə dəymişdir. Hadisə zamanı özü və onun avtomobilində olan qonşusu İlqar xəsarət almışdır. Hadisədən sonra «Kia» markalı avtomobilə dəymiş maddi ziyanı ödəmişdir. Törətdiyi əməldən peşman olduğunu və xəstəliyi ilə bağlı hərəkət etməkdə çətinlik çəkdiyi üçün avtomobildən istifadə etdiyini bildirərək cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 11 dekabr 2022-ci il tarixdə, saat 12:30 radələrində yağışlı havada idarə etdiyi «Kia Cerato» markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobillə Buzovna qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində sağdan ikinci zolaqla hərəkətdə olarkən «Chevrolet» minik markalı avtomobil onu gözləmədən köməkçi yoldan onun zolağına daxil olmuşdur. Həmin vaxt ara məsafəsi az olduğundan əyləcdən istifadə edə bilməmiş və həmin avtomobili vurmuşdur. Sonra «Chevrolet» markalı avtomobil yolun əks istiqamətində dayanmış «Wolksvagen Touareg» markalı avtomobilin qabaq sol tərəfinə dəymişdir. Sığorta şirkəti onun avtomobilinə dəymiş maddi ziyana görə 3300 manat, səhhətinə dəymiş ziyana görə 750 manat ayırmış, lakin hələ ödəniş etməmişdir. «Chevrolet» markalı avtomobilin sürücüsü isə ona avtomobilə dəymiş ziyanla bağlı 1000 manat ödəniş etmişdir. Şəxs qarşı şikayət və tələbi olmadığını bildirərək ona yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 11 dekabr 2022-ci il tarixdə, saat 12:30 radələrində idarə etdiyi «Wolksvagen Touareg» markalı, **-XA-*** dövlət nömrə nişanlı avtomobili Buzovna qəsəbəsi istiqamətində yolun kənarında saxlayaraq mağazaya daxil olmuşdur. Bu zaman «Chevrolet» markalı və «Kia Cerato» markalı avtomobil toqquşmuş, zərbənin təsirindən və yol sulu olduğundan «Chevrolet» markalı avtomobil sürüşərək onun avtomobilinin qabağına dəymişdir. Hadisə nəticəsində onun avtomobilinə 3000 manat ziyan dəysə də, sığorta şirkəti 1760 manat pul ayırmışdır. Lakin hadisəni törədən şəxs ona maddi cəhətdən yardım göstərməmişdir. Avtomobili hazırda təmir olunmamışdır və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə cəzanın verilməməsini məhkəmədən xahiş etdi. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 1677 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər onun «X1» publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən 11 dekabr 2022-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və xəstəliyi ilə bağlı hərəkət etməkdə çətinlik çəkdiyi üçün nəqliyyat vasitəsinə ehtiyacının olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 hadisə nəticəsində ona maddi ziyan dəydiyini, hadisəni törədən şəxsin ona yardım etmədiyini və hazırda tələbi olduğunu bildirsə də, tələbi ilə bağlı yazılı şəkildə ərizə təqdim etməmiş və sənədləri əlavə etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar