Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1672/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00800-00590/24 saylı protokol, əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00800-00590/24 saylı protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına gəlmiş xx.xx.2024-cü il tarixində **********7304 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 81069,6 manat olan “Transformatorlarda quraşdırılan çevirici” adlı yük 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Qeyd olunan müvəqqəti saxlancda olan yükə xx.xx.2024-cü il tarixdə şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı Zığ yolu ünvanında yerləşən anbarında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Gömrük baxışı zamanı məlum olmuşdur ki, gömrük təminat vasitələri tətbiq edilmiş 6 ədəd qablaşdırılmadan ibarət yükün 3 ədədində təminat vasitələri mövcud deyildir. Başlanılmış araşdırma zamanı şirkətin qanuni təmsilçisi X1 izahatında təminat vasitələrinin yüklərin anbara daşınması zamanı itirildiyini bildirmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən: -Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. -Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İşin hallarından görünür ki, Şəxs MMC tərəfindən törədilməsi istinad olunan inzibati xəta, müvəqqəti saxlanca götürülmüş və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı Zığ yolu ünvanında yerləşdirilmiş anbarda olan gömrük təminat vasitələri tətbiq edilmiş 6 ədəd qablaşdırılmadan ibarət yükün 3 ədədində təminat vasitələrinin itirilməsindən ibarətdir. Ona görə də hesab edirəm ki, hazırki inzibati xəta haqqında işə Şəxs MMC tərəfindən törədilməsi istinad olunan inzibati xətanın törədildiyi yer üzrə, yəni təminat vasitələri tətbiq edilmiş yüklərin yerləşdirildiyi anbarın olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 00800- 00590/24 saylı inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlər birlikdə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 00800-00590/24 saylı inzibati xəta haqqında protokol, ona əlavə edilmiş sənədlər birlikdə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1672/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1672/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver