Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1674/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Xəzər rayon Məhkəməsini hakimi Hüseynli Hüseyn İnanc oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 30 iyul 2024-cü il tarixli, 00800-00601/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs MMC-nin ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli, **********0252 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 3167,12 manat olan “işçilər üçün qoruyucu istehsalat kombinzonu” adlı yük 4 (dörd) ay müddətinə müvəqqəti saxlanca götürülmüşdür. Qeyd olunan müvəqqəti saxlancda olan yükə xx.xx.2024-cü il tarixdə şirkətin ünvan 1 ünvanında yerləşən anbarında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə, “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və “Mallara gömrük təminatının vurulması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Gömrük baxışı zamanı məlum olmuşdur ki, gömrük təminat vasitələri tətbiq edilmiş 1 ədəd qablaşdırmanın üzərindən həmin vasitələr (stiker) qopardılaraq yararsəz hala düşmüşdür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 105.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. Daha sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilİməsi haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər.Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil.Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir.Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Hazırki iş materiallarından görünür ki, Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarında xx.xx.2024-cü il tarixli, **********0252 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş yükə xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış zamanı gömrük təminat vasitələri kimi tətbiq edilmiş stikerlərin qablaşdırmaların üzərindən çıxarılması faktı aşkar edilmişdir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 30 iyul 2024-cü il tarixli, 00800-00601/24 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128 və 129-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1674/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1674/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver