Məhkəmə qərarları › İş №3(003)-17/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-17/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-17/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musazadə Xanım Yaşar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Ermənistan Respublikası Krasnoselo rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 87 ünvanda qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, YYS nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 06 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 6947,89 manat məbləğində pul və 31 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2813 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə icra sənədləri bir icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Qeyd olunan icra sənədləri üzrə borclu tərəfindən heç bir ödəniş edilməmişdir və onun bu günə olan borcu ümumilikdə 9822,89 manat təşkil edir. Bununla da Şəxs qeyd olunan icra sənədlərinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, əvvəllər 01 il 04 ay Türkiyədə yaşamış, sonra Azərbaycana qayıtmışdır. 2014-cü ildə o, cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Onun "xxxx" ASC-yə borcu olmamış, bank bağlanarkən bütün borcunu ödəmişdir. "xxxx" MMC-yə isə borcu olmuş və müəyyən ödənişlər etmişdir. Sonradan Türkiyə Respublikasına getmiş, lakin orada işi ilə bağlı problem yarandığına görə ölkədən çıxışına 5 il məhdudiyyət qoylmuşdur. Sonradan araşdırma aparılmış və ona bəraət verilərək məhdudiyyət götürülmüşdür. Bu səbəbdən də "xxxx" MMC-yə olan borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəfindən ona vaxt verilərsə "xxxx" ASC-yə borcunun olmaması barədə, Türkiyə Respublikasında bəraət alması barədə sənədləri, eyni zamanda "xxxx" MMC-yə ödəniş edərək qəbzi təqdim edəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, müddət keçdiyinə görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə MN № ******* saylı inzibati xəta haqqında protokol 06 dekabr 2022-ci il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə Şəxs müvafiq sənədlərin təqdim edilməsi və borcun ödənilməsi üçün vaxt vermiş, lakin o, məhkəməyə gəlməmiş və yayınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, Şəxs məhkəməyə məcburi gətirilməsinin Xəzər RPİ-nə həvalə edilməsi qərara alınmışdır. Lakin həmin qərarın icrası uzun müddət ərzində təmin edilməmiş və Şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə, inzibati xətanın törədildiyi gündən və inzibati xəta haqqında 06 dekabr 2022-ci il tarixdən əvvəl hesab edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən inzibati xətanın törətdiyi gündən üç aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXMnin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar