Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1704/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi Söyziyev Elşah İlham oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X7 Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X1 barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X7 Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.4 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 03 avqust 2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X7 Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 bildirmişdir ki, X3 03 avqust 2024-cü il tarixdə, “Tofaş Şahin” minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində hərəkətdə olarkən avtomaşını kustar üsulla düzəldilmiş toxunma pərdələr ilə idarə etdiyi üçün saxlanılmış, saxlanıldıqdan sonra ondan müvafiq sənədlər tələb edildikdə həmin sənədləri təqdim etməkdən imtina edərək avtomaşını idarə etməyə davam etmişdir. Dəfələrlə ona saxla işarəsi verilməsinə baxmayaraq, o, idarəetməni davam etdirmiş, təhlükəli mannevrlər edərək, yol hərəkət qaydalarını kobud şəkildə pozmaqla hərəkət iştirakçılarının hərəkətinə maneçilik törətmiş, əks istiqamətli hərəkət zolağına çıxaraq avtoxuliqanlıq etmişdir. Bu səbəbdən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında verdiyi izahatında onun barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə razı olmadığını qeyd edərək göstərmişdir ki, tələsdiyi üçün hərəkətdə olarkən yalnız manevr qaydalarını pozmuşdur. Bu səbəbdən məhkəmədən barəsində inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə istinad edilən inzibati xətanın görüntülərinin əks olunduğu cd diskə baxış zamanı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dispozisiyasından göründüyü kimi inzibati xətanın yaranması üçün şəxsin əməlində dörd tərkibin hər birinin olması vacibdir. 1) nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanın pozulması; 2) əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 3) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 4) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. İnzibati xəta tərkibinin yaranması üçün eyni zamanda bu dörd tərkibdən əlavə İXM-nin 511.1.1-511.1.3-cü maddələrinin dispozisiyasında göstərilən hallarından hər hansı birinin mövcüd olması mütləqdir. Məhkəmə iclasında cd diskə baxış keçirilən zaman A.Əhmədxanlının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibinin yaranmadığı müəyyən edilmişdir. Belə ki, onun tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması halı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inizbati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.4-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X1 həmin hissədə əməlinə qiymət verilməsi üçün qərar və materialın surəti Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün qərar və materialın surəti Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1704/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1704/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver