Məhkəmə qərarları › İş №3(003)-1709/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1709/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1709/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Zərərçəkmiş şəxs Əliabas oğlunun, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X2 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “Chevrolet” markalı avtomobili kirayəyə götürmüş və etibarnamə əsasında idarə etmişdir. Hadisə zamanı o, əsas yola çıxmaq istəmiş və sol tərəfdə avtodayanacaq avtomobillər olduğundan əsas yoldan gələn avtomobili görmək üçün bir az yola çıxmışdır. Bu zaman həmin yolda hərəkətdə olan motosiklet onu görüb qaçırmaq istəyəndə aşmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Lakin məhkəmədən onun qısa müddətdə sürücülük hüququnun məhdudlaşdırılmasını xahiş edir. Belə ki, cərimə olunacağı təqdirdə həmin cəriməni ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əliabas oğlu izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə motosikletlə Şüvəlan dairəsindən üzü Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “Əncirlik” adlan marketə çatan zaman qabağına Şəxs idarə etdiyi avtomobil çıxmış və tez tormoz verərək sükanı sola doğru döndərmişdir. Bu zaman idarəetməni itirmiş və yerə aşmışdır. Hadisə zamanı o, bədənindən yüngül xəsarət almışdır. Həmçinin onun motosikletinə xəsarət dəymişdir. Ona görə də o, Şəxs motosikletinə dəymiş ziyanı tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Chevrolet” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi məqsədilə qərarın surəti Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, xx.xx.2024-cü il il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs Əliabas oğlu idarə etdiyi “Kuba X” markalı 99-G-760 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi istiqamətindən Buzovna qəsəbəsi istiqamətində 60km/saat sürətlə hərəkətdə olan zaman həmin yolun sağ hissəsində yerləşən Əncirlik marketin qarşısına çatmamış Şəxs idarə etdiyi “Chevrolet” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolun əsas hissəsinə 0,30 metr çıxmış və əsas yol ilə hərəkətdə olan Zərərçəkmiş şəxs Əliabas oğlunun motosikletini aşıraraq YÜNGÜL dərəcəli xəsarət almasına səbəb olmuşdur. -Xəzər RPİ-nin DYPŞ-nin polis leytenantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 759 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazunun, sol saidin, sol və sağ əlin, sol ayağın sıyrıqları, döş qəfəsinin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində Şəxs təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə Zərərçəkmiş şəxs Əliabas oğlu yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsini məhkəmə, məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslə barışığın əldə edilməməsini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bu zaman onun məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar