Məhkəmə qərarları › İş №3(003)-1711/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1711/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1711/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 04 sentyabr 2022-ci il tarixində saat 11.30 radələrində idarə etdiyi “Chevrolet” markalı “**-EL-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu Türkan qəsəbəsində, Suraxanı rayon Hövsan qəsəbəsi istiqamətindən Türkan qəsəbəsi istiqamətinə gedən yolda “Mersedes 308D” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtobusun sağ qabaq tərəfi onun idarə etdiyi avtomobilin sol arxa qanadına çırpılması nəticəsində avtobusun sərnişini Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 29 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində “215” saylı marşurutda işləyən “Mersedes 308D” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu Türkan qəsəbəsi ərazisində, Suraxanı rayon Hövsan qəsəbəsi istiqamətindən, Türkan qəsəbəsi istiqamətində gedən yolda mikroavtobusun salonunda qabaq oturacaqda əyləşib evə gedirdi. “Dostluq” kafesinə yaxınlaşan zaman avtobusdan irəlidə aşağı sürətlə hərəkət edən qara rəngli “Chevrolet” markalı avtomobilin sol tərəfindən ötmək istəyərkən, “Chevrolet” markalı avtomobilin sürücüsü qəflətən sola tərəf dönmüş, nəticədə avtobusun qabaq sağ tərəfi “Chevrolet” markalı avtomobilin sol yan tərəfinə çırpılmış və Zərərçəkmiş şəxs2 hadisə zamanı bədən xəsarəti almışdır. Hazırda Chevrolet” markalı avtomobilin sürücüsü Şəxs ilə barışmış, ona qarşı ziyan tam olaraq ödənilmiş və heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, mikroavtobus avtomobili ilə “215” saylı marşurut avtobusunda sürücü işləyir. xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində idarə etdiyi “Mersedes 308D” markalı, “**-RB-***” dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Xəzər rayonu Türkan qəsəbəsi ərazisində, Suraxanı rayon Hövsan qəsəbəsi istiqamətindən Türkan qəəbəsi istiqamətində gedən iki istiqamətli, istiqamətləri ayıran zolaq olmayan yolda saatda təxminən 50- 60 km/saat sürətlə hərəkət edirdiş Həmin vaxt mikroavtobusun salonunda 14 nəfər sərnişin olub. Bir qədər qarşıda gedən “Chevrolet” markalı avtomobil sürətini azaldaraq bir qədər sağa istiqamətlənməsini görüb, onun yolun sağ kənarında dayanmaq istəməsini zənn edib, avtomobilin sürətini azaltmadan “Chevrolet” markalı avtomobil sol tərəfdən ötmə əməliyyatı etmək istəmiş, lakin “Chevrolet” markalı avtomobilin sürücüsü avtomobili sola istiqamətləndirdi və onun hərəkət zolağına daxil olmuşdur. Məsafə yaxın olduğundan o, əyləc etməyə imkan tapmamış, nəticədə idarə etdiyi mikroavtobusun qabaq sağ tərəfi Chevrolet” markalı avtomobilin sol yan tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Zərbənin təsirindən Chevrolet” markalı avtomobil fırlanaq 30-40 metr sol tərəfə aralıda ağaclıqda dayanmışdır. Hadisə zamanı o və mikroavtobusun salonunda əyləşən qadın bədən xəsarətləri almışdır. Hadisə yerindən DİN “102” xidmətinə hadisə barədə məlumat verərək çıxıb getmişdir. Şəxs ilə barışmış, ona qarşı ziyan tam olaraq ödənilmiş və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixində saat 11:30 radələrində idarə etdiyi “Chevrolet” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu Türkan qəsəbəsi ərazisində, Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətindən Türkan qəsəbəsi istiqamətinə gedən iki istiqamətli yolda saat təxminən 30-40 km/saat sürətlə hərəkət edirdi. Yolda tualetə getmək üçün avtomobili saxlamağa yer axtarmış və yolun sol tərəfində uzaq məsafədən kafe olduğunu bilmiş, uzaq məsafədən döngə işığından istifadə edərək müəyyən intervalla avtomobil sürətini təxminən 10, 20 km/saat sürət həddinə endirərək saatda 5 km/saat sürət həddinə çatdırmışdır. Avtomobili sol istiqamətdə kafenin qarşısına tərəf, geriyə dönmədən, avtomobili döndərmək istəyən zaman arxada eyni istiqamətdə hərəkət edən “Mersedes” markalı mikroavtobusun sağ qabaq tərəfi onun idarə etdiyi avtomobilin sol arxa qanadına çırpılmış və zərbənin təsirindən idarə etdiyi avtomobil sürüşüb dayanmışdır. Şəxs avtomobil ilə sol tərəfə manevr edib avtomobili döndərən zaman sağ tərəfdə boş yer olsa da, mikroavtobusun yüksək sürətindən sürücü ara məsafəsini qorumadan onun idarə etdiyi avtomobilin sol arxa qanadına çırpılmışdır. Buna görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin 07 sentyabr 2022-ci il tarixli, 1176 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – üst dodağının əzilmiş yarası küt əşya təsirindən onun məhkəmə-tibb müayinəsindən 1-2 gün əvvəl törənmiş, qərarda göstərilən 04 sentyabr 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/2460 nömrəli 12 oktyabr 2022-ci il tarixli ekspert rəyində görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes-Benz 308D” markalı, “**-RB-***” dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzüm yoxdur. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Chevrolet Volt” markalı, “**-EL-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 oktyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Chevrolet Volt” markalı, “**-EL-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığı məlum olduğu üçün Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış materialın Xəzər RPİ-nin X2 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar