Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1720/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN 00800/00148 saylı saylı qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, MN 00800/00148 saylı saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəis müavini X5 tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixli, MN 00800/00148 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə 22197,50 (iyirmi iki min bir yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində cərimə olunmuşdur. O, həmin qərarın surətini 03 iyul 2023-ci il tarixdə rəsmi şəkildə almışdır. Şikayətçi qeyd edir ki, o, uzun müddətdir ağır xərçəng xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar olaraq mütəmadi şəkildə Azərbaycan Respublikası və Türkiyə Respublikasında müalicə alır. Müalicəsi ilə əlaqədar olaraq bir neçə dəfə Türkiyə Respublikasına gedib-gəlmişdir. 16 may 2023-cü il tarixdə də Bakı-İstanbul aviareysi ilə müalicə olunmaq üçün Türkiyəyə getmişdir. Həkimin məsləhəti ilə bədənində və eyni zamanda limfa vəzilərində inkişaf edən xərçəng hüceyrələrinin qarşısını müvəqqəti də olsa almaq məqsədilə Türkiyəyə gedərkən Bakı şəhərində özünə məxsus olan 4 ədəd qızıl boyunbağı və 3 ədəd qızıl qolbaq taxmışdır. Türkiyədə müalicə aldığı müddətdə onu müalicə edən həkimin qardaşı Nebil adlı şəxsdən 17000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını nisyə alıb Bakı şəhərinə gətirmək istəmişdir. Belə ki, müalicəsi ilə əlaqədar hər dəfə böyük məbləğdə pul xərclədiyi, habelə yaşlı qadın və təqaüdçü olduğu üçün həmin müalicə xərclərini qarşılamağa maddi imkanı çatmamışdır. Həyat yoldaşı da 1-ci qrup əlildir. Qızıl-zinət əşyalarını almaqda məqsədi Bakı şəhərində satıb növbəti müalicəsi üçün müəyyən qədər pul əldə edə bilmək olmuşdur. Türkiyə Respublikasından aldığı qızıl-zinət əşyalarının ümumi çəkisi 379,77 qram olmuşdur. Bakı şəhərindən gedərkən isə taxdığı qızıl-zinət əşyalarının ümumi çəkisi 96 qram olmuşdur. O, Bakı şəhərinə qayıdarkən X9 Aeroportunda gömrük nəzarətindən keçərkən gömrük işçiləri onu saxlayaraq üzərində yoxlama aparıblar. Yoxlama zamanı üzərindən həm özünə məxsus ümumi çəkisi 96 qram olan 4 ədəd qızıl boyunbağı və 3 ədəd qızıl qolbaq, eyni zamanda Türkiyə Respublikasından aldığı 379,77 qram çəkidə qızıl-zinət əşyaları aşkar edilərək götürülmüşdür. Gömrük əməkdaşlarına dəfələrlə aşkar olunmuş qızıl-zinət əşyalarının ümumi çəkisi 96 qram olan 4 ədəd qızıl boyunbağı və 3 ədəd qızıl qolbağın özünə məxsus olmasını və həmin qızıl-zinət əşyalarını Bakıdan Türkiyə Respublikasına apardığını bildirsə də, onlar buna əhəmiyyət verməyərək tərtib etdikləri protokol və qərarda bütün qızıl-zinət əşyalarının, yəni 475,77 qram qızıl-zinət əşyalarının Türkiyə Respublikasından alındığını və deklarasiyadan gizlədildiyini göstərmişdirlər. Lakin gömrük əməkdaşları ona əgər özünə məxsus olan 4 ədəd boyunbağını və 3 ədəd qolbağı açıb digər qızılların üstünə qoymayacağı təqdiedə onu ikinci dəfə “Bodyscan” aparatından keçirəcəklərini bildirmişdirlər. Həmin aparatın şüaları ona ciddi zərər verdiyi üçün məcbur olub özünə məxsus olan 4 ədəd boyunbağını və 3 ədəd qolbağı açıb Türkiyə Respublikasından aldığı qızıl-zinət əşyalarının üzərinə qoymuşdur. Gömrük əməkdaşları ona gömrük yoxlamasından keçəndən sonra özünə məxsus olan 4 ədəd boyunbağını və 3 ədəd qolbağı götürə biləcəyini bildirmişdirlər. Lakin gömrük işçiləri onu aldadaraq gömrük yoxlamasından keçdikdən sonra ona məxsus olan 4 ədəd boyunbağını və 3 ədəd qolbağı qaytarmamışdıtlar. Gömrük əməkdaşları ona bildirmişdirlər ki, “yaşlı qadınsan, get dincəl, nahar fasiləsindən sonra gəlib özünə məxsus olan 4 ədəd boyunbağını və 3 ədəd qolbağı götürərsən” Həmin gün nahar fasiləsindən sonra o, aeroporta getmiş və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəis müavini X2 qəbulunda olmuşdur. O isə şikayətçidən götürülmüş bütün qızıl-zinət əşyalarının rəy verilməsi üçün ekspertizaya göndərildiyini bildirmişdir. Şikayətçi özünə məxsus olan 4 ədəd qızıl boyunbağı və 3 ədəd qızıl qolbaq barədə soruşduqda isə qızılların birlikdə ekspertizaya göndərildiyini ona bildiriblər. Şikayətçi qeyd edir ki, o, dəfələrlə müalicə olunmaq üçün Türkiyə Respublikasına getmişdir. Hər dəfə də Bakı şəhərində müxtəlif qızıl-zinət əşyaları taxaraq Türkiyə Respublikasına getmiş və gömrük nəzarəti zonasında olan gömrük işçiləri bir dəfə də olsun ona həmin şəyaları bəyan etməli olması ilə bağlı hər hansısa bir məlumat verməmişdirlər. Ümumiyyətlə, sərhədi keçərkən deklarasiyanın tərtib olunması prosedurunu bu hadisə ilı rastlaşdıqdan sonra bilmişdir. Şikayətçi qeyd edir ki, gömrük əməkdaşları ondan aşkar olunmuş qızıl-zinət əşyalarının ümumi çəkisini 475,77 qram göstəriblər. Lakin aşkar olunmuş 475,77 qram qızıl-zinət əşyalarının 96 qramı, yəni 4 ədəd qızıl boyunbağı və 3 ədəd qızıl qolbaq şikayətçinin özümnə məxsusdur və həmin qızıl-zinət əşyalarını taxaraq Bakı şəhərindən Türkiyə Respublikasına getmişdir. Şikayətçi əlavə olaraq qeyd edir ki, hüquqları və qanunun tələbləri vəzifəli şəxs tərəfindən təmin olunmamışdır. Həmin protokol tərtib edilən zaman gömrük əməkdaşları onu dəvət etməmişdirlər, onun iştirakı təmin edilməmişdir və həmin protokola o, imza etməmişdir. Protokol tərtib edilərkən qanunun tələbləri pozulduğu üçün, yəni şikayətçinin iştirakı təmin edilmədiyi üçün gömrük əməkdaşları qəsdən onun özünə məxsus olan 96 qram çəkidə qızıl-zinət əşyalarının, yəni 4 ədəd qızıl boyunbağı və 3 ədəd qızıl qolbaqları da Türkiyə Respublikasından aldığı qızıl-zinət əşyalarına qataraq qəsdən həmin əşyaların çəkisini artıraraq 475 qram qeyd etmişdirlər. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 törətdiyi inzibati xətanı etiraf etmiş və ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində inzibati tənbeh vermə qərarı qəbul edilərkən yaşlı olması, ağır xəstəlikdən əziyyət çəkməsi və ilk dəfə inzibati xəta törətməsi kimi yüngülləşdirici halların nəzərə alınmadığını qeyd etmiş və həmin yüngülləşdirici hallar nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində izahatı alınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” X7 Şöbəsinin inspektoru X6 qeyd etmişdir ki, 17 may 2023-cü il tarixdə X9 Aeroportunda xidməti vəzifəsinii yerinə yetirirərəkən, saat 02 radələrində TK 336 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X4 gömrük nəzarət zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük nəzarətinə təqdim etməmiş, elektron və ya yazılı formada bəyan etməmişdir. Zərnişan Orucova “Yaşıl Kanal” buraxılış sistemindən istfadə etməklə gömrük nəzarətindən keçərkən, əməliyyat müvəkkili Şahid2 onu saxlayıb “Qırmızı Kanal” buraxılış sisteminə yönləndirmiş və həmin sərnişinin bədən üzvlərinin yoxlanması üçün “Bodyscan” qurğusundan keçməyi ondan xahiş etmişdir. Zərnişan Orucova “Bodyscan” qurğusundan keçəndən sonra onu şəxsi yoxlamaya dəvət etmişdir. Şəxsi yoxlama zamanı Zərnişan Orucovanın boynundan sarı rəngli metaldan hazırlanmış 09 ədəd boyunbağı, sol qolundan 03 ədəd qolbaq, boynuna bağladığı şarın içindən 29 cüt sırğa, 01 ədəd tək sırğa, 01 ədəd üzük-sırğa-klon dəsti, 01 ədəd üzük-sırğa dəsti, 05 ədəd klon, sağ ayağının dizində kalqotkanın içində 38 ədəd üzük, sol ayağının dizində kalqotkanın içində 21 ədəd qolbaq aşkar edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, MN 00800/00148 saylı saylı qərarı ləğv edilməli və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, MN 00800/00148 saylı saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi miqdarında, yəni 22197,50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, MN 00800/00148 saylı saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi miqdarında, yəni 22197,50 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında protkolda qeyd edilmişdir ki, 17 may 2023cü il tarixində, saat 02:00 radələrində TK 336 saylı Bakı-İstanbul aviareysi ilə gələn X4 gömrük nəzarəti zonasına daxil olarkən, müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu əşyaları əvvəlcədən gömrük orqanına təqdim etməmiş, elektron və va yazılı formada bəyan etməmişdir. gömrük nəzarət zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən Belə ki, Zərnişan Orucova “Yaşıl Kanal” buraxılış sistemindən istfadə etməklə gömrük nəzarətindən keçərkən, əməliyyat müvəkkili Şahid2 onu saxlayıb “Qırmızı Kanal” buraxılış sisteminə yönləndirmiş və həmin sərnişinin bədən üzvlərinin yoxlanması üçün “Bodyscan” qurğusundan keçməyi ondan xahiş etmişdir. Zərnişan Orucova “Bodyscan” qurğusundan keçəndən sonra onu şəxsi yoxlamaya dəvət etmişdir. Şəxsi yoxlama zamanı Zərnişan Orucovanın boynundan sarı rəngli metaldan hazırlanmış 09 ədəd boyunbağı, sol qolundan 03 ədəd qolbaq, boynuna bağladığı şarın içindən 29 cüt sırğa, 01 ədəd tək sırğa, 01 ədəd üzük-sırğa-klon dəsti, 01 ədəd üzük-sırğa dəsti, 05 ədəd klon, sağ ayağının dizində kalqotkanın içində 38 ədəd üzük, sol ayağının dizində kalqotkanın içində 21 ədəd qolbaq aşkar edilmişdir. Qeyd edilən əşyalarla bağlı fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ümumi çəkisi 475,77 qram təşkil etmişdir və 2023-cü ilin may ayına olan tarixə orta bazar qiyməti təxminən 44395 manat müəyyən edilmişdir. Şikayətçi məhkəmə iclasında həmin inzibati xətanı törətmək niyyəti olmadığını, sadəcə olaraq xəstəliyi ilə əlaqədar özünə məxsus qızıl-zinət əşyalarını üzərində daşıdığını və bu səbəbdən qeyd edilən əşyaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı müvafiq prosedurları həyata keçirə bilmədiyini qeyd etmişdir. Şikayətçi həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun yaşlı olması, ağır xəstəlikdən əziyyət çəkməsi və ilk dəfə inzibati xəta törətməsi kimi halların nəzərə alınmadığını və inzibati xətanın obyekti olan malların dəyərinin əlli faizi miqdarında cərimə edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən inzibati xəta törətmiş şəxsin öz izahatında qeyd etdiyi və həmin inzibati xətanın baş verməsinə səbəb olmuş hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə bu hissədə qeyd edir ki, inzibati orqan tərəfindən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini, 62 yaşı olmasını və ağır xəstəlikdən əziyyət çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, MN 00800/00148 saylı saylı qərarı ləğv edilməli və X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilərək, o, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 44395 manat məbləğin qırx faizi (17758 manat) məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, MN 00800/00148 saylı saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 01 dekabr 1961-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında, yəni 17758 (on yeddi min yeddi yüz əlli səkkiz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1720/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1720/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver