Məhkəmə qərarları › İş №3(003)-1729/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1729/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1729/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, zərərçəkmiş şəxs (tələbkar) X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 29 avqust 1972-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 12 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4853/2017 saylı, xx.xx.2017-ci il tarixli, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4853/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, 3 uşağın saxlanması üçün aylıq 408 manat alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Əvvəlki məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin böyük icra məmuru X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, icra sənədləri üzrə borcunu aylıq olaraq tam icra etməmiş, icra sənədinin tam icrasından yayınmış, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Şəxs tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafıq orqan və təşkilatlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak, habelə bank hesabları aşkar edilməmişdir. Bununla da borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamanda qeyd etmişdir ki, borclu bu günədək müəyyən edilmiş aliment ödənişlərini qismən ödəmiş yenə də bu günə qədər 10500 manat borcu qalmışdır. Qeyd edilənlərlə borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X4 inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında icra sənədi üzrə qeyd olunan aliment borcundan ödənişlər etdiyini, icra sənədini icra etməkdən yayınmadığını son 3 ay ərzində 1500 manata yaxın ödəniş etdiyini qeyd etmişdir. O, əlavə olaraq bildirmişdir ki, oğlunun boşandığı gündən bu vaxta qədər onunla qaldığı halda onun yerinədə aliment ödənişini tələbkara ödəmişdir. Hal-hazırda barəsində protokol tərtib edildiyi andan bugunə 300 manat aliment borcunu ödədiyini qeyd edərək, aliment borcundan qəsdən yayınmadığını, taksi fəaliyyəti ilə məşğul oluğunu, aylıq gəlirinin az olduğunu qeyd edərək məhkəmədən barəsində iş üzrə icraata xitam verilməsini və ona vaxt verilməsini xahiş etdi Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X6 çıxış edərək bildirmişdir ki, 2017ci il tarixdən rəsmi olaraq boşandıqlarını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarl ilə 3 uşağın saxlanması üçün ona aylıq 408 manat pulun verilməsi qərara alınmışdır. Lakin, borclu aliment ödənişlərini vaxtı-vaxtında ödəməyərək aliment borcunu 10500 manata gətirib çıxarmışdır. O, aliment pulunun tam ödənilməsini tələb edərək, borcu ödəməkdən qəsdən yayındığını göstərərək, borcun ödənilməsinə köməklik göstərilməsini və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4853/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, 3 uşağın saxlanılması üçün aylıq 408 manat məbləğində pulun tələbkar X5 verilməlidir. - İcra sənədi Xəzər Rayon İcra Şöbəsinin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar borclu tərəfindən xx.xx.2017ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. - Həmçinin, icra məmuru tərəfindən məhkəməyə təqdim olunmuş icra işindən göründüyü kimi, borclu Şəxs tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafıq orqan və təşkilatlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak aşkar edilməmiş habelə bank hesabları aşkar edilməmişdir. Bununla da müəyyən edilir ki, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə borcunu ödəməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə, Şəxs əməlini etiraf edib peşiman olmasını, onun inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs oğılunun icra sənədinin icrasını qismən təmin etməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirib hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vəsitəsilə və ya bilavəsitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən imza Düzdür Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar