Məhkəmə qərarları › İş №3(003)-1732/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1732/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1732/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, deməsinə görə evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən Şəxs Azərbaycan Respublikası İXMnin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onu 09:30 radələrində X4 İdarəsinin əməkdaşları saxlamışlar və bu zaman onun spirtli içki qəbul etməsini şübhələnmişlər. O, bildirmişdir ki, bir gün əvvəl spirtli içki qəbul etmişdir. Sonra onun sərxoş olmasının müəyyən edilməsi üçün alkotesterdən yoxlamışlar və onda 0,38 % miqdarında sərxoşluq müəyyən edilmişdir. O, alkotesterin göstəriciləri ilə razılaşmışdır. Daha sonra onu Baş Polis İdarəsi X4 İdarəsinə göndərmişlər. Bu zaman onda şübhə yaranmış və özü gedib sərxoşluq müayinəsindən keçmiş və müəyyən olunmuşdur ki, onda sərxoşluq halı yoxdur. İzahatında həmçinin bildirmişdir ki, o, spritli içkini axşam radələrində 100 – 150 qram viski qəbul etmişdir. Saxlanıldığı vaxtı alkotesterin göstəriciləri ilə razılaşmış və həmin göstəricilərə etirazı olmamışdır. Onu xx.xx.2024-cü il tarixdə saat 09:00-dan sonra saxlamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçısının izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 08:01-də “Lexus İS 300 Hibrid” minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -“sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli protokoldan görünür ki, həmin protokol, Şəxs iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 08:00-da ondan ötrü tərtib edilmişdir ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Ace-Z” markalı, 642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş və Ruslan Tagıyevin spirtli içki qəbul etməsi müəyyən edilmişdir. - 642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 07:52-də Ruslan Tagıyevdə aşkar edilmiş alkoqol miqdarı 0,610 % olmuşdur. İş materiallarına əlavə edilmiş “sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” 2/40788 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:20-də aparılmış müayinə zamanı Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 07:52-də avtomobili sərxoş halda idarə etməsi halının sübutu kimi tərtib edilmiş protokol, müayinə aktı və 642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin göstəricisi qəbul edilməlidir. Belə ki, həmin sübutların əksinə dəlalət edən hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmiş və bu barədə müvafiq mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Şəxs özünündə məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, təxminən 10- 12 saat əvvəl spirtli içki qəbul etmiş və saxlanıldığı zamanı yol patrul xidmətinin əməkdaşı tərəfindən sərxoşluğunun müəyyən edilməsi üçün xüsusi texniki vasitə ilə aparılmış yoxlamanın nəticəsinə etirazı olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş “sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” 2/40788 nömrəli, xx.xx.2024-cü il tarixli protokolun isə Şəxs yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığı vaxtı sərxoş vəziyyətdə olmamasının sübutu kimi qəbul edilməsini mümkün hesab etmir. Belə ki, Şəxs tərəfindən spirtli içkinin qəbul etdiyi anı, onun yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığı vaxt və daha sonra özü tərəfindən birbaşa müvafiq müayinədə keçdiyi vaxt nəzərə alındıqda görünür ki, Şəxs tərəfindən spirtli içki qəbul etdiyini andan sonuncu müayinədən keçmə saatına kimi xeyli vaxt müddətində ara məsafə olmuşdur. Bu halda isə onun təkrar müayinədən keçdiyi vaxtda ayıq olmasının müəyyən olunması qəbul edilən haldır. Lakin bu hal, onun yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığı vaxtı sərxoş vəziyyətdə olmaması anlamına gəlmir və bu hal ağlabatan deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərtib edilmiş protokol əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxsnun Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar