Məhkəmə qərarları › İş №3(003)-1733/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1733/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1733/2024 13.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru Zahid Mehdiyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol və toplanmış material baxılması üçün məhkəməyə təqdim edilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, inzibati xəta haqqında protokol da qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, protokol Azərbaycan Respublikası İXM-in 100.1.1, 100.1.3, 100.1.4, 100.1.6. 100.1.10, 100.2 və 100.3-cu maddələrinin tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.1, 100.1.3, 100.1.4, 100.1.6. 100.1.10, 100.2 və 100.3-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda: - protokolun tərtib edildiyi tarix və yer, -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, -inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, -olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, -inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokolda isə protokolun tərtib edildiyi yer, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, zərərçəkmiş şəxsin ünvanı, zəruri olan digər məlumatlar göstərilməmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə hüquq və vəzifələrin izah edilməsi, protokolun surətinin təqdim edilməsi və ya göndərilməsi, fiziki şəxs tərəfindən protokolun imzalanması və ya imza etməkdən imtina etməsi barədə qeydlər aparılmamışdır. Qeyd edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar digər sübutlarla yanaşı inzibati xəta haqqında protokolla da müəyyən olunur. Odur ki, qanunvericiliyin tələbləri əsasında tərtib edilməyən protokolun iş üzrə sübut kimi qəbul edilməsi mümkün deyil. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolun düzgün tərtib edilməməsindən əlavə olaraq həmçinin bildirilir ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı Xəzər Yolçuyevin toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı əsasında Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru Zahid Mehdiyev tərəfindən aparılmış inzibati araşdırma zamanı Şəxs izahatında ona istinad olunan inzibati xətaya aidiyyətinin olmamasını, həmçinin Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı Xəzər Yolçuyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından şikayət verdiyini (şikayətin surəti iş materiallarına əlavə edilmişdir) bildirmişdir. Buna baxmayaraq Şəxs istinad olunan inzibati xətanın onun tərəfindən törədilməsinə dair hər hansı bir sübut protokola əlavə edilməmişdir. Bununla da hesab edirəm ki, təqdim edilmiş materialda natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən Şəxs barəsində tərtib edilmiş protokol düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan bu halların isə işə baxılarkən tamamlamaq mümkün olmadığından MN ******* nömrəli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar