Məhkəmə qərarları › İş №3(003)-1734/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1734/2022

14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1734/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, iki yetkinlik yaşına çatmış və bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən Şəxs 19 oktyabr 2022-ci il tarixdə atası Şamil Abasovu döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı İlqar İsmayılov tərəfindən 02 noyabr 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Bəxtiyar Quliyev tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, Şamil Abasov atasıdır. 11 noyabr 2021-ci il tarixdə doğulmuş oğluna kiçik toy və ad günü etmək istəmişdir. Bu məqsədlə 14 oktyabr 2022-ci il tarixdə, saat 22-23 radələrində atasının yaşadığı evə getmişdir. Qardaşı Elşənlə söhbət edərkən qardaşı qışqıra-qışqıra danışmağa başlamışdır. Səsə atası gələrək araya girib onları sakitləşdirmək istəmişdir. Sonra o, çıxıb evinə getmişdir. O, atasını vuraraq xəsarət yetirməmişdir. Sadəcə onun atası və qardaşı ilə münasibətləri yaxşı olmadığından atasının məqsədi onu tutdurmaqdır. Himayəsində bir körpə uşağının olduğunu bildirərək məhkəmədən cərimə olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X2 göstərdi ki, 14 oktyabr 2022-ci il tarixdə oğlu Şəxs onun yaşadığı evə gələrək qardaşı Elşənlə söhbət etmişdir. Sonra onlar mübahisə etdiyi üçün onları sakitləşdirmək istəmişdir. Bu zaman Gündüz əli və ayağı ilə onun ayağından və belindən vurmuş və o, yerə yıxılmışdır. Oğlu Elşən onu yerdən qaldırdıqdan sonra Gündüz stolu ona tərəf atsa da, ona dəyməmişdir. Aralarında barışıq olmadığını bildirərək Şəxs ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X3 göstərdi ki, o, atası Şamil Abasovla bir evdə yaşayır, Gündüz isə ailəsi ilə birlikdə ayrı yaşayır. 14 oktyabr 2022-ci il tarixdə, saat 22-23 radələrində Gündüz içkili vəziyyətdə onların yaşadığı evə gəlmişdir. Gündüz əli və ayağı ilə atasının bədəninin müxtəlif yerlərindən iki-üç dəfə vurmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və inzibati xəta haqqında protokol əsasında sübuta yetirilir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 1463 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ kürəkaltı nahiyənin qansızması, sağ dizin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş və törənmə müddətləri onun məhkəmətibb müayinəsindən 8-9 gün əvvəl olmaqla, qərarda göstərilən 14 oktyabr 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Ş.Ə.Abasovanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, bir körpə uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar