Məhkəmə qərarları › İş №3(003)-1739/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1739/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1739/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi Nümayəndə Rəhman oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin qanuni təmsilçisi X1 iştirakları ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-0218/22 nömrəli, 14 noyabr 2022-ci il tarixli protokola əsasən "xxxx" MMC Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən malları düzgün bəyan etməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi Nümayəndə Rəhman oğlu bildirdi ki, "xxxx" MMC-nin adına gəlmiş və **********2496 sorğu nömrəli gömrük bəyannaməsinin 1ci mal mövqeyində 27 ədəd «retrofit kit Pits SW update/CUP PCB İD:59715761 elektron modullar» adlı yük kimi bəyan olunduğu təqdirdə, yoxlama zamanı gömrük orqanına düzgün bəyan olunmamış, üzərində “59800484 BootROM” yazılar olan 54 ədəd elektron modullar aşkar edilmişdir. Həmin mallar cüt olaraq birləşdirilsə də, bəyannamədə göstərilməli idi. Lakin həmin mallar bəyannamədə 27 cüt yox, 27 ədəd yazılmışdır. Həmçinin modulların cüt olması ilə bağlı təsdiq edici sənədin gəlməsini xeyli gösləsələr də, şirkət bu barədə sənəd təqdim etməmişdir. Məhkəmədən "xxxx" MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X2 bildirdi ki, 04 avqust 2022-ci il tarixdə Çindən liftlərin gücləndirilməsi üçün 27 cüm modullar gətirilmişdir. Həmin modullar hər liftdə cüt olaraq quraşdırıldığından invoysda və bəyannamədə 27 ədəd göstərilmişdir. Bundan başqa “Schindler” şirkəti məktub göndərmişdir ki, həmin modullar cüt qruplaşdırılmalıdır. Bu səbəbdən 27 ədəd, yəni cüt göstərilib və faktiki olaraq 54 ədəd göndərilmişdir. Müqavilənin 7.3-cü bəndinə əsasən “Schindler” şirkəti onlar sifariş vermədən özləri qərar qəbul edir və liftin gücləndirilməsi üçün modulları pulsuz göndərir. Əvvəllər də, modullar bu qaydada göndərilsə də, belə bir hal baş verməmişdir. Həm invoysda və həm də, bəyannamədə 27 ədəd göstərilmiş və qiyməti 8730 ABŞ dolları qeyd olunmuşdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, "xxxx" MMC Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən malları düzgün bəyan etməmişdir. Belə ki, gömrük bəyannaməsində 27 ədəd «retrofit kit Pits SW update/CUP PCB İD:59715761 elektron modullar» adlı yük kimi bəyan olunduğu təqdirdə, yoxlama zamanı üzərində “59800484 BootROM” yazılar olan 54 ədəd elektron modullar aşkar edilmişdir. Həmin mallar bəyannamədə 27 cüt yox, 27 ədəd yazılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş 04 avqust 2022-ci il tarixli, **********2496 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “Schindler” şirkəti tərəfindən "xxxx" MMC-nin ünvanına göndərilmiş 8730 ABŞ dolları məbləğində 27 ədəd «retrofit kit Pits SW update/CUP PCB İD:59715761 elektron modullar» adlı yük bəyan edilmişdir. İş materiallarında olan İdarəetmə funksiyalarının uyğunlaşdırılması barədə məlumatlardan görünür ki, «Pits SW update» yenilənmə paketinin İD nömrəsi 59715761, kəmiyyət olaraq 1 (iki ədəd PCBA CPUCF 542.Q daxildir). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC tərəfindən ilk dəfə inzibati xətanın törədilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. "xxxx" MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş 8730 ABŞ dolları məbləğində malların otuz faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xətanın bilavasitə obyekti olmuş mallar – üzərində “59800484 BootROM” yazılar olan, liftlərin idarə olunmasında istifadə olunan 54 ədəd elektron modullar qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq "xxxx" MMC-nə geri qaytarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin komputer texniki ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 5/1055 nömrəli rəyindən görünür ki, təqdim edilən 54 ədəd server sistem bloklarında istifadə üçün nəzərdə tutulan Boot Rom mikro sxemlərin işlək vəziyyətdə olmalarını onların hər birinin müvafiq sersver sistem bloklarının ana platalarına qoşmaqla müəyyən etmək mümkündür. İstintaq tərəfindən qeyd olunan “Boot rom”ların qoşulması üçün uyğun gələn ana plataların təqdim edilməməsi səbəbindən onların işlək vəziyyətdə və istifadə üçün yararlı olub-olmaması üzrə tədqiqat işləri aparmaq mümkün olmadı. Rəyin “Tədqiqat hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilən 54 ədəd “Boot Rom” mikro sxemlərin istifadə olunub-olunmaması üzrə tədqiqat işi aparılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 9/6376 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş üzərində “59800484 BootROM” yazıları olan, liftlərin idarə olunmasında istifadə olunan mikrosxemlərinə 1 ədədinin 04 avqust 2022-ci il tarixə orta qiyməti təxminən 550,00 manat, 54 ədədinin qiyməti isə 29700,00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişlərindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 153,65 manat təşkil edir. Məhkəmə hesab edir ki, 153,65 (yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci "xxxx" MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 8730 ABŞ dolları məbləğində malların dəyərinin 30 (otuz) faizi, 2619 (iki min altı yüz on doqquz) ABŞ dolları məbləğində (qərarın icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla) cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan mallar – üzərində “59800484 BootROM” yazılar olan, liftlərin idarə olunmasında istifadə olunan 54 ədəd elektron modullar qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq "xxxx" MMC-nə geri qaytarılsın. İş üzrə 153,65 (yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci "xxxx" MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Resab AZ 34CTRE********************) hesabına keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar