Məhkəmə qərarları › İş №3(003)-1748/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1748/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1748/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə Şəxs xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında qeydiyyatda olan və Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 05 noyabr 2022-ci il tarixli protokola əsasən Şəxs 11 oktyabr 2022-ci il tarixdə, saat 21:16 radələrində idarə etdiyi «Daewoo Nexia» minik markalı, **-KB-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov tərəfindən 28 oktyabr 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 11 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi «Daewoo Nexia» minik markalı, **-KB-*** dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi ilə 117 saylı məktəb istiqamətində hərəkətdə olmuşdur. Yolayrıcına daxil olarkən sağ tərəfdən hərəkətdə olan moped onun avtomobilinin sağ ön qapısına çırpılmışdır. Bu zaman mopeddə olan iki nəfər yerə yıxılmışdır. O, dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırmış və hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Törətdiyi əməldən peşman olduğunu və ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu bildirərək cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, 11 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi «Minsk M 50» markalı mopedlə 117 saylı məktəbin qarşı hissəsində yerləşən Bünyatzadə küçəsi ilə hərəkət edərək yolayrıcına daxil olmuşdur. Bu zaman sol tərəfdən gələn avtomobil onu gözləmədən yolayrıcına daxil olduğundan mopedi saxlaya bilməmiş və həmin avtomobilə çırpılmışdır. Hadisə zamanı və onun arxasında əyləşən Əşrəf xəsarə almışdır. Hadisədən əvvəl o, iki bakal pivə içmişdir. Hesab edir ki, hadisədən sonra xəstəxanada müalicə almasa da, xəsarətləri ağır olmuşdur. Lakin Şəxs qarşı şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək Şəxs qarşı şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov bildirdi ki, «Yol hərəkəti haqqında» Qanuna əsasən nizamlanmayan yolayrıcı olduğundan Şəxs sağdan hərəkətdə olan mopedə yol verməli idi. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 1412 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 11 oktyabr 2022-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 1447 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər onun məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla qərarda göstərilən 11 oktyabr 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarə aid olduğuna görə dərəcəsi təyin edilmir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar