Məhkəmə qərarları › İş №3(003)-1748/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1748/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1748/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Çəmbərək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Üzümçülük” sovxozu ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 2813 manat alınaraq "xxxx" MMC-yə verilməli, digər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 6947,89 manat kredit borcu və 31 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq hər iki icra sənədi üzrə heç bir ödənişlər aparılmamışdır. 2022-ci il tarixdə borclu barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə verilmişdir. Həmin vaxtı icra sənədləri üzrə tələblərin yerinə yetirilməsi üçün şərait yaradılması məqsədilə məhkəmə tərəfindən vaxt verilmişdir. Lakin o, məhkəməyə gəlməmişdir. Hazırda isə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin protokol üzrə inzibati xəta haqqında işə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəl barəsində məhkəmədə inzibati xəta haqqında işə baxılan zaman məhkəməyə gəldiyi vaxtı polis əməkdaşları tərəfindən saxlanıldığından məhkəməyə gələ bilməmişdir. Bundan sonra "xxxx" MMC-yə bir neçə dəfə ödəniş etmişdir. Daha sonra isə işləmədiyindən ödənişlər edə bilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan: -MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-736/2014 saylı, xx.xx.2014-cü il tarixli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3444/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə tələbləri icra etməməsi səbəbinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-736/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs cəmi 6947,89 manat kredit borcu və 31 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3444/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs cəmi 2813 manat alınaraq "xxxx" MMCyə verilməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Xəzər rayon İcra şöbəsinin icraatında olan iki icra sənədi mövcuddur və həmin icra sənədlər üzrə tələblər uzun müddətdir ki, Şəxs tərəfindən yerinə yetirilməmişdir. İcra sənədləri üzrə tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə əvvəllər də barəsində MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş, lakin Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilmişdir. Həmçinin iş materiallarından görünür ki, icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İcra sənədləri üzrə tələblərin icra edilməməsinin səbəbi isə işləməməsindən ibarətdir. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Belə ki, onda hər hansı bir xəstəliyin olması, həmçinin həmin xəstəliyin həqiqətin onun iş qabiliyyətini tamamilə məhdudlaşdırması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə iclasında da müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, icra sənədlərinin verilməsi tarixlərindən hal-hazıradək uzun müddət keçməsinə baxmayaraq həmin icra sənədləri üzrə tələblərinin yerinə yetirilməsi üçün hər hansı bir addımın atılması da müəyyən edilməmişdir. Baxmayarq ki, məhkəmə iclasında Şəxs bir icra sənədi üzrə müəyyən ödənişlər etdiyini bildirmiş, lakin nə icra işində bu barədə hər hansı bir sənəd mövcuddur, nə də bu barədə müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə qeyd edir ki, icra sənədləri üzrə tələblərin yerinə yetirilməməsi üçün Şəxs tərəfindən üzürlü səbəblərin olması müəyyən edilməmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta uzanan inzibati xətalar kateqoriyasına aiddir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini, məsuliyyətini yüngülləşdiriən halların olmamasını nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar