Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1781/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, X8 İdarəsinin İTŞ-nin baş inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X8 İdarəsinin İTŞ-nin baş inspektoru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X8 İdarəsinin baş inspektoru X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs Heydər Əliyev adına Beynəlxalq Hava limanından istifadə edərək Bakı-Naxçıvan aviareysi ilə Naxçıvan şəhərində getmək istəmişdir. Baqajlarını təhvil verdiikdən sonra təhlükəsizlik zonasına daxil olmaq istəyən zaman üzərində baxış keçirilərkən corabına yerləşdirmiş sellofana bükülmüş 1,08 qram qurudulmuş marixuana aşkar edilmişdir. X8 İdarəsinin İstintaq şöbəsində faktla bağlı araşdırma aparılmışdır. Araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və material inzibati qaydada araşdırma aparılması üçün onun icraatına verilmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:00-da X1 Nəqliyyatında Polis İdarəsinə gəlmiş və bundan sonra barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, narkotik vasitənin istifadəçi deyil. Bakı şəhərində yas yerinə gəlmişdir. Bakı şəhərində əmisi qızı gildə qalmışdır. xx.xx.2024-cü il tarizdə Zabrat qəsəbəsində dükana getmiş, siqaret alıb qayıdanda zibil qutusunun yanında əşya görmüş və qoxusundan narkotik vasitə olduğunu bilmiş və götürmüşdür. Tapandan sonra narkotik vasitədən istifadə etmişdir. Əvvəllər əsgərlikdə olan zaman istifadə etmişdir. Tapdığı narkotik vasitənin az miqdarını istifadə etmiş və bir siqaretlik miqdarı qalmışdır. Qalmış həmin miqdarı corabına qoymuşdur. Hazırda əməlindən peşmandır və məhkəmədən ona yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində X9 Hava limanında yoxlama aparatından keçərkən üzərində qurudulmuş marixuana aşkar olunması səbəbindən onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri vardır. - narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrinin və psixotrop maddələrinin istehlakı hallarının müəyyən edilmsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında 2054 nömrəli, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Şəxsin sidiyində THC (+) aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlama barədə xx.xx.2024-cü il tarixli rəyinə əsasən Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Həmçinin müayinə zamanı Şəxs kannabinoidlərdən istifadə etmə halları olmuş, lakin halhazırda müayinə zamanı narkomaniya xəstliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. -cinayət işinin başlanmasının rədd edilməsi haqqında Hava NPİ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Yəhya Çerpanov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 29 iyul 2024-cü il tarixdə X9 Aeroportunun 2-ci Terminalında saxlanılmış Şəxs X-RAY yoxlama aparatından keçərkən ATBİ-nin əməkdaşları tərəfindən sağ ayağındakı corabının içərisindən, şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1.08 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunması faktında cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi, materialdan sənədlər ayrılaraq, inzibati icraat açılması üçün Hava NPİ-nin İTŞnə təqdim edilməsi, təmiz çəkisi 1.08 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətəna(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana Hava NPİ-nin məsul şəxsinə saxlanılması üçün təhvil verilməsi qərara alınmışdır. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1249 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 1,08 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqatda 0,02 qram sərf edilmiş, 1,06 qram qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. -inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına Beynəlxalq Hava limanında Bakı-Naxçıvan aviareysi ilə Naxçıvan şəhərində getmək istəyərkən Şəxs sağ ayağındakı corabın içərisində şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,08 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Həmçinin müəyyən olunur ki, Şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitədən istifadə edilmişdir. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri mövcuddur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində 3 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Ona görə də o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Bu zamanı onun məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs tənbeh tədbirinin müddəti 15 gün müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-in 37-ci mаddəsinə əsаsən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İş üzrə keçirilmiş müvafiq ekspertiza rəyinə əsasən Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ona görə də onun barəsində məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 94.12-ci maddəsinə əsasən məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs, İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Şəxs üzərində aşkar edilmiş və maddi sübut kimi X8 İdarəsində saxlanılan 1,06 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 X2 həvalə edilsin. Şəxs, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs üzərində aşkar edilmiş və maddi sübut kimi X8 İdarəsində saxlanılan 1,06 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1781/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1781/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver