Məhkəmə qərarları › İş №3(003)-1793/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1793/2024

24.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1793/2024 24.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Hava Nəqliyyatında Baş Polis İdarəsinin İTŞ-nin rəisi polis polkovnik-leytenantı Elxan Quliyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Aliaskaroviçin, tərcüməçi Badalov Djemalın (X1) iştirakları ilə 13 iyul 1988-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Aliaskaroviçin barəsində Hava Nəqliyyatında Baş Polis İdarəsi (bundan sonra mətndə HNBPİ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Aliaskaroviç 23 avqust 2024-cü il tarixdə X2 Aeroportunun ərazisində mübahisə edərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Şəxs Aliaskaroviç barəsində HNBPİ-nin rəisi X3 tərəfindən 24 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında HNBPİ-nin rəisi polis polkovnik-leytenantı Elxan Quliyev tərtib edilmiş protokolların məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs Aliaskaroviç 23 avqust 2024-cü il tarixdə X2 Aeroportunun 1 saylı terminalının qarşısında İsrail Respublikasının vətəndaşlarına qarşı kobudluq edərək hədə-qorxu gəlmişdir. Sonra isə aviaşirkətin əməkdaşlarına qarşı kobudluq edərək xırda xuliqanlıq etmişdir. Daha sonra o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Aliaskaroviç məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, Qazaxıstan Respublikasının vətəndaşıdır. xx.xx.2024-cü il tarixdə beş nəfər dostu ilə birlikdə turist kimi Bakı şəhərinə gəzməyə gəlmişdir. xx.xx.2024-cü il tarixdə həmin dostları ilə birlikdə Bakı- Almata aviareysi ilə uçmaq üçün saat 01:00 radələrində X2 Aeroportuna gəlmişlər. Qeydiyyatdan keçdikdən sonra 3-cü mərtəbəyə qalxmışlar. Orada da yoxlamadan keçdikdən sonra sol tərəfdən son bilet yoxlamasından keçmişdir. Dostları isə digər tərəfdən keçmişlər. O, keçib getdikdən sonra steril zonada dostlarının gəlmədiyinə görə geri qayıtmışdır. Aviareysin supervayzeri olan qadın ondan və digər dostlarını reysdən çıxaracağını demişdir. Bu zaman aviareysin əməkdaşına etirazını bildirmişdir. Sonra təhlükəsizlik xidmətinin əməkdaşları onları hava limanının binasından çölə çıxarmışlar. Növbəti reysə bilet alaraq hava limanı ərazisində olan oteldə gecələmək qərarına gəlmişlər. Həmin vaxtı polis əməkdaşları gələrək araşdırma aparılması üçün onları idarəyə dəvət etmişlər. Bu zaman polis əməkdaşlarına etiraz etmişdir. Sonradan etdiyi əməldən peşman olmuşdur. Müvafiq inzibati xətaların baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Aliaskaroviç həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Aliaskaroviç eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs Aliaskaroviçin daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Aliaskaroviçin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 24 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 109, 111, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Aliaskaroviç Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsi ilə 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 24 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Hava Nəqliyyatında Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar