Məhkəmə qərarları › İş №3(003)-180/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-180/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-180/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahim Naib oğlunun iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İbrahim Naib oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək İbrahim Naib oğlunun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, yaşadığı evdə ailəsi ilə tez-tez münaqişəsi olur. Şəxs əvvəldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək cərimə olunması barədə özü tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırda isə təkrar olaraq bacısı polis şöbəsinə müraicət edərək Şəxs evə içkili vəziyyətdə gələrək münaqişə yaratdığını və Naiblə birlikdə yaşamaq istəmədiyini bildirdiyindən hazırki materiala məhkmə tərəfindən baxılması qərara alınmışdır. Buna görə də onun tərəfindən hazırki protokol tərtib edilmişdir. Həmçinin izahatında bildirmişdir ki, özü hadisə yerində olmamış, əməliyyat qrupu Naibi gətirib polis şöbəsinə təhvil vermişdir. Ərazi üzrə sahə rəisi olduğundan material ona verilmiş və tərəfindən müvafiq protokol tərtib edilmişdir. Bacısını polis şöbəsinə dəvət etmiş, lakin o, gəlməkdən imtina etmişdir. Bacısı istəmir ki, Naib içkili vəziyyətdə onunla birlikdə yaşasın, ona görə də aralarında münaqişə yaranır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahim Naib oğlu özünü təqsirli bilməyərək bildirdi ki, heç nə etməmişdir. Qardaşı ruhi xəstədir və bu səbəbdən evdəki şkafları sındırmışdır. Yaşadıqları ev 2 otaqdan ibarətdir və 5 nəfər şəxs həmin evdə yaşayır. Bacısıgil özləri könüllü olaraq evdən çıxıb getmişlər, sonra isə qaldıqları yerdən polis şöbəsinə gedərək şikayət etmişlər. X3 onun ruhi xəstə olan qardaşıdır, X6 isə onun bacısıdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol İbrahim Naib oğlu tərəfindən Buzovna qəsəbəsində ailəsinə qarşı xırda xuliqanlıq etməsi barədə tərtib edilmişdir. -inzibati qaydada tutma haqqında AZA seriyalı 015313 nömrəli, xx.xx.2024-cü tarixli protokoldan görünür ki, İbrahim Naib oğlu xx.xx.2024-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında İbrahim Naib oğlu tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəklətlərin edilməsi barədə hər hansı bir sübut mövcud deyil. İş materiallarında olan X4 və X1 2-ci polis şöbəsinə verdikləri izahatlarından isə görünür ki, onlar həmin izahatlarında bildirmişlər ki, birlikdə yaşadıqları qardaşları Naib İbrahim oğlu hər gün içkili vəziyyətdə evə gəlir və onlarla münaqişə yaradır. Onun bu hərəkətlərinə görə evi tərk etmişlər. Onlara qarşı nəlayiq ifadələr işlədərək təhqir edir. Həmin izahatlara istinad edildikdə müəyyən olunur ki, baş vermiş hadisə ictimai yerdə deyil, evdə baş vermiş və həmin mübahisə məişət mübahisəsindən ibarət olmuşdur. Bununla da məhkəmə hesab edir ki, Naib İbrahim oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən İbrahim Naib oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İbrahim Naib oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. İbrahim Naib oğlu məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar