Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1806/2024 27.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X3, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, evli, 2 azyaşlı uşağı olan, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, deməsinə görə Bakı şəhəri, Nizami rayonu, Əliağa Vahid küçəsində yerləşən evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru X7 izahatında bildirdi ki, Şəxs bir il əvvəl X8 ilə ailə qurmaq üçün razılıq əldə etmiş, bir müddət əvvəll “tik-tok” sosial şəbəkədə bir xanım X5 yazaraq Vüqarın onun əri olmasını bildirmişdir. Bu halın doğru olduğunu bildikdən sonra X11 ayrılmalarını bildirmişdir. Bundan sonra onların aralarında mübahisələr yaranmış, Şəxs onu hədələməyə başlamışdır. Sonda isə Könül Məcidovanın köməkliyi ilə Şəxs Binə qəsəbəsinə gətizdirmişlər və rəhbərliyin göstərişi ilə onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə dəvət olunan vaxtı isə gəlməkdən imtina edərək polis əməkdaşlarına tabesizlik göstərmişdir. Belə ki, polis əməkdaşlarına hədə qorxu gələrək onların barəsində tədbir gördürəcəyini bildirmişdir. Polis şöbəsində olan zaman isə telefon vasitəsi ilə nə istəsə deyə biləcəyini, həmçinin onun barəsində yalnız 50 manat cərimə tədbirinin tətbiq edilə biləcəyini bildirmişdir. Könül Məcidovanı narahat etməsi, yaşadığı evə daş atması ilə bağlı onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri yaranmışdır. Adına çoxlu sayda telefon nömrəsi olduğundan Şəxs ilə əvvəllər əlaqə saxlanılması mümkün olmamış, telefon nömrələrinə zəng çatmamışdır. Faktiki yaşadığı ünvanı bilinmədiyindən Şəxs polis şöbəsinə gəlməsi ilə bağlı çağırış vərəqəsi göndərilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il vaxtı günorta vaxtı Könül onu yaşadığı evə dəvət etmişdir. Həmin zaman gəldiyi vaxtı marketin qabağından keçdiyi vaxtı iki nəfər şəxs onu arxadan qolundan tutaraq aparmağa çalışmışlar. Bu zaman həmin şəxslərdən kim olduqlarını soruşmuş, ona polis olduqlarını bildirmişlər. Bu zaman hansı əsaslarla bu formada ona yaxınlaşmalarını soruşmuş, cavabında isə ona polis şöbəsinə getməsini və orada səbəbin nə olmasının bildiriləcəyini demişlər. Polis şöbəsində telefonunu əlindən almışlar. O, vəkil ilə əlaqə saxlamaq üçün telefonunu istəmiş, lakin ona Hüseyn müəllim gələndən sonra verəcəyini bildirmişlər. O da bu hala etiraz edərək telefonunu istəmiş və vəkil ilə danışmaq hüququnun olmasını bildirmişdir. O polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. İki nəfər gənc şəxs onu arxadan qolundan tutub buraraq aparmaq istəyəndə o, bu hala etiraz edərək cinayətkar olmadığını, bu vəziyyətdə aparmamalarını və sadə formada onu aparmalarını bildirmişdir. Həmin zaman Könül marketin qabağında olmuşdur. Bu vəziyyətdə onu polis şöbəsinə gətirdiklərindən orada vəkil ilə əlaqə saxlamaq üçün telefonunu tələb etmişdir. Sahə inspektoru Hüseynin otağında olan zaman isə Hüseyn onu Könülün yanında təhqir edərək tutacağını bildirmişdir. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Könül ilə isə aralarında münasibətləri olmuş, sonradan pozulmuşdur. X2 narahat etdiyi üçün üzr istədiyini bildirdi, lakin ona qarşı irəli sürülmüş inzibati xətalarda təqsirinin olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində bildirdi ki, bir il əvvəl qohumu ailə qurmaq məqsədilə onu Vüqarla tanış etmişdir. Onlar iki ay ünsiyyət saxlamışlar, sonra Vüqarın arvadı ona yazaraq boşanmadıqlarını bildirmişdir. Vüqar isə ona arvadından boşanmağını bildirmişdir. Bundan sonra Vüqardan ayrılmışdır. Daha sonra isə Vüqar onu şantaj etməyə başlamış, yaşadığı evin, işlədiyi yerin qabağına gələrək onu təhqir etmişdir. Sonda məcbur olaraq xx.xx.2024-cü il tarixdə 102 xidmətinə zəng vuraraq onu şantaj etməsi, hədə qorxu etməsi barədə şikayət etmişdir. Sonra onu 3-cü Polis şöbəsinə çağırmışlar. Orada izahatını yazmışdır. Vüqarın telefon nömrələrinə zəng çatmamışdır. Bundan sonra Vüqarın telefon nömrəsini əldə edərək onunla əlaqə saxlamış və onu marketin qarşısına çağırmışdır. Orada mülki formada olan polislər Vüqara yaxınlaşmışdır. Polis əməkdaşları Vüqara nəsə demiş, Vüqarının qışqıraraq maşınının açıq olmasını deməsini eşitmişdir. Bundan sonra o, oradan uzaqlaşaraq polis şöbəsinə getmişdir. Polis əməkdaşları Vüqarı qolundan tutduğu zaman əlini kənara atdığından hesab etmişdir ki, o, qaçmaq istəyir. Bundan başqa Vüqar tərəfindən polis əməkdaşlarına tabesizlik göstərilməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş 3-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X9 ifadəsində bildirdi ki, rəhbərliyinin göstərişi əsasında Könül Məcidovanın olduğu yerə getmişlər. Oraya Şəxs gəldikdən sonra ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və şöbəyə dəvət etmişlər. Qaçmaması üçün Şəxs qolundan tutmuşlar. Bundan sonra Şəxs yüksək səslə onlara “Siz kimsiniz qolumdan tutursunuz, mən cinayətkar deyiləm”, “Siz gedin mən özüm avtomobilimə minib gələcəm” demişdir. Sonradan isə özü gəlib onların avtomobilinə əyləşmişdir. Polis şöbəsində olan zamanda telefonla yüksək səslə danışmağa başlamış, bundan sonra ondan telefonu almaq istəyəndə verməkdən imtina etmişdir. Yalnız telefonu alaraq saxlanc yerinə qoymuşlar. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Şəxs Binə qəsəbəsində yaxınlaşıb təqdim etdikdə polisin əmrinə göstərişinə tabesizlik etmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 18:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəklətlərin edilməsi barədə hər hansı bir sübut mövcud deyil. Belə ki, işin hallarından müəyyən olunur ki, Şəxs ilə zərərçəkmiş şəxs Könül Məcidova arasında yaranmış mübahisə onların şəxsi münasibətlərin irəli gələn mübahisə olmuş və bu mübahisə nəticəsində Şəxs tərəfindən edilmiş hərəkətlər ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunan hərəkətlər kimi qiymətləndirilə bilməz. Bundan başqa Amil Abbasovun polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı etdiyi hərəkətlərin ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən və xidməti fəaliyyətini həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilməsi də mümkün deyil. Belə ki, məhkəmə bu qənaətinə gəlməyin əsasları qeyd edərək bildirir ki, Amil Abbasov, barəsində inzibati araşdırma aparılan iş üzrə hər hansı bir məlumatı olmayan şəxs olmaqla polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı onun qolundan tutmalarının səbəbini soruşması, hətta bu hal yüksək səslə olsa belə onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilməsi qanunun prinsiplərinə ziddir. Eyni zamanda baş vermiş həmin hadisənin hallarından görünür ki, ona saxlanılmasının səbəbi izah edildikdən sonra polis əməkdaşlarının göstərişləri əsasında onların avtomobilinə əyləşmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində mobil telefonunun verməkdən imtina etməsi özlüyündə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilməsini də məhkəmə əsassız hesab edir. Belə ki, qeyd olunan mobil telefon inzibati iş üzrə maddi sübut kimi əhəmiyyət kəsb edən əşya olmamaqla saxlanılmış şəxsin onu vermək istəməməsində əsas səbəb yaxın qohumları və ya vəkil ilə əlaqə saxlamaq istəməsi olmuşdur. Lakin ona bu şərait yaradılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olması da sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad olunsun. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1806/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1806/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver