Məhkəmə qərarları › İş №3(003)-181/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-181/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-181/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Zərdab rayonu, Əlıcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Zərdab rayonu, Əlicanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirli yaşayış massivi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis leytenantı X8 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə rəisi, polis leytenantı X8 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə səhər saat 00.30 radələrində yol polis əməkdaşının qanuni tələblərinə əməl etməmişdir. Belə ki, yol polis əməkdaşı ona sərxoşluq olub-olmamasını müəyyən etmək üçün müəyyənidən keçirmək istəyən zaman, sonuncu buna etiraz etmişdir. Bununla da polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, gecə radələrində sərxoş olduğu üçün istifadəsində olan avtomobili idarə etmək üçün ayıq sürücü dəvət etmiş, həmin avtomobili idarə edərək yaşadığı Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirli yaşayış massivində yerləşən evinin qarşısına aparmışdır. Evinin qarşısında kamera olduğu üçün sürücüdən avtomobili saxlamasını xahiş etmişdir. Sürücü avtomobili dediyi yerdə saxlamış və avtomobilin açarlarını ona təhvil vermişdir. Avtomobildən düşüb sürücüyə 20 manat vermişdir. Sonra isə avtomobildən sənədlərini götürmək istəyərkən, yol polisi əməkdaşı avtomobilin yanında avtomobilini saxlayaraq ondan sənədlərini tələb etmiş və ona spirtli içki qəbul edib-etməməsini soruşmuş, cavabında isə sərxoş olduğunu bildirmiş, Lakin ilkin olaraq sənədlərini verməkdən imtina etmişdir. Bu zaman yol polis əməkdaşı ondan aparat vasitəsi ilə sərxoşluq dərəcəsini müəyyən etmək istədiyini bildirmiş, bu zaman sonuncuya etiraz edərək, avtomobili onun yox, ayıq sürücünün idarə etdiyini bildirmişdir. Yol polisinə müayinədən keçməyəcəyinə dair israrlar etməsi səbəbindən, sonuncu post patrul əməkdaşlarını çağırmış və onu şöbəyə aparmışdırlar. Şöbədə sərxoşluq müayinəsindən keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin inspektoru, polis baş serjantı X1 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində xidmətdə olan zaman VAZ- 2106 markalı avtomobilin sürücü olan Şəxs yaxınlaşmış, sonuncunun sərxoş halda avtomobili idarə etməyə çalışdığını görmüşdür. Ondan niyə avtomobili sərxoş vəziyyətdə idarə etmək istədiyini soruşduqda Şəxs ayıq sürücü ilə gəldiyini və evinin də burada olduğunu bildirmişdir. O isə “evin burdadırsa düşüb gedə bilərsən” dedikdə onun getmədiyini görüb yalan danışdığını başa düşərək yaşadığı evin burada olmadığını görüb ondan avtomobili niyə sərxoş vəziyyətdə idarə etmək istədiyini soruşmuş və ondan sərxoşluq müayinəsindən keçməsini tələb etsə də, sonuncu müayinədən keçməkdən imtina etmişdir. Onun qanuni tələblərinə tabe olmadığı üçün məcbur olub çevik polis alayına məlumat vermiş və post patrul avtomobili ilə onu şöbəyə aparmışlar. Şöbədə o, könüllü surətdə müayinədən keçmişdir. Məhkəmə proses iştirakçılarını, şahid ifadəsini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları, şahid ifadələri və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - MN ******* nömrəli xx.xx.2025-cü il tarixli protokoldan görünür ki, Şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. -AZA seriyalı, 023169 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 00:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlardan görünür ki, Şəxs xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmaması halı, məhkəmə iclasında verilmiş izahatlarla və iş materialları ilə öz əksini tapmışdır. Belə ki, iş üzrə müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə avtomobilində olan zaman polis əməkdaşının sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməsi barədə olan qanuni tələblərini yerinə yetirməkdən qəsdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşağının olmasını iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar