Məhkəmə qərarları › İş №3(003)-1816/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1816/2020

22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1816/2020 22.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5884/2016 nömrəli xx xxxxxxx 2016cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X2 müştərək qaydada 10.545 (on min beş yüz qırx beş) ABŞ dolları 31 (otuz bir) sent əsas, 1112 (bir min bir yüz on iki) ABŞ dolları 42 (qırx iki) sent faiz, 5 (beş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11662 (on bir min altı yüz altmış iki) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 (otuz) manat dövlət rūsumu iddiaçı “AGBank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan həmin icra sənədini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5884/2016 nömrəli xx xxxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X2 müştərək qaydada 10.545 (on min beş yüz qırx beş) ABŞ dolları 31 (otuz bir) sent əsas, 1112 (bir min bir yüz on iki) ABŞ dolları 42 (qırx iki) sent faiz, 5 (beş) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11662 (on bir min altı yüz altmış iki) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 (otuz) manat dövlət rūsumu iddiaçı “AGBank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. xx xxxxxx 2020-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hazırda maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən yayınmışdır. Bundan başqa, borclunun adına heç bir daşınar və ya daşınmaz əmlak, yaxud bank müəssisələrində pul vəsaiti aşkar edilməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, atası onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün o, atasının müalicəsindən ötrü “AGBank” Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və həyat yoldaşı X4 zaminliyi ilə oradan kredit götürüb atasını müalicə etdirmişdir. Lakin müalicəyə xeyli pul xərclədiyinə baxmayaraq, atası vəfat etmiş, o isə işdən çıxarılmış, uzun müddət iş tapa bilməmiş, buna görə də maddi çətinlikləri yaranmışdır. Bu günlərdə anası da rəhmətə getmişdir, hal-hazıra qədər iş tapa bilməmişdir, heç bir daşınar və ya daşınmaz əmlakı, yaxud bank müəssisələrində pul vəsaiti yoxdur. Evlərində yalnız həyat yoldaşı Yaqud işləyir və ayda 237 (iki yüz otuz yeddi) manat əmək haqqı alır. O, ozü isə indiki pandemiya dövründə təsadüfdən-təsadüfə qısamüddətli fəhləlik işi tapanda həmin işi yerinə yetirərək aldığı cüzi pulla və həyat yoldaşının əmək haqqı ilə birtəhər dolanırlar. Himayəsində 8 yaşlı bir qız uşaqları vardır. Dövlətin adından çıxarılmış və qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının onun vəzifəsi olduğunu bilir və üzrsüz səbəbə görə qətnamənin icrasından boyun qaçırmağa görə qanunla müəyyən edilmiş məsuliyyət barədə xəbərdar edilmişdir. Tam səmimi olaraq bildirir ki, qətnaməni icra məmurunun göstərdiyi kimi, üzrsüz səbəbə görə deyil, yuxarıda izah etdiyi üzrlü səbəblərə görə indiyə qədər tam icra edə bilməmişdir. Bütün çətinliklərə baxmayaraq, o, bu il 450 (dörd yüz əlli) manat ödəniş etmiş, qalan məbləği də həyat yoldaşının aldığı əmək haqqından bundan sonra hər ay müntəzəm olaraq ən azı 200 (iki yüz) manat olmaqla hissə-hissə ödəyəcəkdir. İş üçün çox yerə müraciət etmişdir və güman edir ki, yeni ildən sonra bir iş tapa və ödəniş məbləğini artıra biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs ailə və maddi vəziyyətində olan çətinlikləri ilə bağlı kredit borcunu tam ödəyə bilməmiş, lakin bu il borcundan 450 manat ödəniş etmiş, qalan məbləği də hər ay müntəzəm olaraq ən azı 200 (iki yüz) manat olmaqla hissə-hissə ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar