Məhkəmə qərarları › İş №3(003)-182/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-182/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-182/2021 22.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X11 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən icra vərəqəsinin icra edilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 verdiyi izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdən onun icraatına daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-572/2019 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 Meybulla İsbəndiyar oğlundan alınaraq anası Zərərçəkmiş şəxs1 verilməli və uşaqlarının 18 yaşa çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli və həmin məbləğdə aliment tutulmasının əvvəli uşağın atadan alınaraq ananın himayəsinə verildiyi tarixdən hesablanmalıdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünavına göndərilmiş, lakin ünvan dəqiq olmadığından zərf geri qaytarılmış, daha sonra telefon vasitəsilə borclu ilə əlaqə saxlanaraq icra şöbəsinə dəvət olunmuş və xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim olunmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə icra sənədinin icra edilməsi məqsədilə iş üzrə tərəflər Xəzər Rayon İcra və Probasiya şöbəsinin inzibati binasına dəvət olunmuşlar. Həmin zaman xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə anaları, iş üzrə tələbkar Zərərçəkmiş şəxs1 ilə bir müddət ünsiyyətdə olmaq şəraiti yaradılmışdır. Uşaqlar anaları ilə bir müddət ünsiyyətdə olmalarına baxmayaraq, ağlayaraq onunla getməkdən imtina etdiklərinə görə və könüllü olaraq anları ilə getmədikləri üçün icra sənədinin icrası təxirə salınmış, bu barədə müvafiq akt tərtib edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-572/2019 saylı icra vərəqəsinin icrası xx.xx.2020-ci il tarixə təyin olunmuş və həmin zaman uşaqlara borclu tərəfindən psixoloji təsir olması ehtimalını nəzərə alaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Katibliyindən psixoloq Zülfiyyə Yaqubova dəvət olunmuşdur. Təyin olunmuş vaxtda iş üzrə tərəflər və uşaqlar iştirak etmişdir. Dəvət olunmuş psixoloq iş üzrə tərəflərlə və uşaqlarla ayrı-ayrılıqda söhbət etmişdir. Lakin yenə də uşaqlar ağlıyaraq anaları ilə getmək istəmədiklərindən icra sənədinin icra olunması mümkün olmamış və bu barədə müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Xəzər rayon İcra və probasiya şöbəsində göndərilmiş icra vərəqəsinin icrası zamanı psixoloq tərəfindən aparılmış müşahidənin nəticəsi barədə arayışdan görünür ki, icra tədbirinin baş tutmamasının səbəbi borclu tərəfindən uşaqlara təsirin olması ilə qaynaqlanmışdır. Buna görə də Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-572/2019 saylı icra vərəqəsi ilə bağlı məlumat var və o, həmin icra sənədinin icra olunmasına heç bir manəçilik törətməmiş və uşaqların analarına verilməsinə heç bir etirazı yoxdur. Belə ki, o, uşaqların analarına verilməsi üçün Xəzər Rayon İcra və Probasiya şöbəsi tərəfindən təyin olunmuş vaxtda və yerdə uşaqlar ilə birlikdə olmuş, lakin həmin zaman uşaqlar anaları ilə getməkdən könüllü olaraq imtina etmişlər. O, icra sənədinin icrasında yayınmamış və uşaqlara anaları ilə getməmələri üçün heç bir təsir göstərməmiş, bu barədə deyilənlərlə razı deyil və buna etiraz edir. Uşaqlar onu daha çox istəyirlər, ona görə özləri könüllü şəkildə anaları ilə getmək istəmirlər. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X15 izahatında bildirmişdir ki, tərtib edilmiş protokol əsassızdır. Belə ki, borclu tərəfindən icra sənədinin icra olunmasına qarşı hər hansı bir hərəkət və ya hərəkətsizlik olmamışdır. Belə ki, icra işində olan aktlardan da görünür ki, borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-572/2019 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmuru tərəfindən təyin olunmuş vaxtlarda və yerdə uşaqlar ilə birlikdə olmuşdur. Lakin uşaqlar özləri könüllü şəkildə anaları ilə getmək istəmədiyindən icra sənədinin icrası baş tutmamışdır. Şəxs birgə nikahdan olan uşaqlarını anaları, iş üzrə tələbkar Zərərçəkmiş şəxs1 verilməsinə heç bir etirazı yoxdur və onun tərəfindən uşaqlara anaları ilə getmələrinə heç bir təsir göstərilməmiş, bu barədə deyilənlər əsassızdır. Belə ki, uşaqların anaları uzun müddət öz uşaqları ilə maraqlanmamış və onlarla ünsiyyətdə olmaq üçün heç bir addım atmamışdır. Uşaqlar isə atalarına bağlı olduqlarından və onu daha çox istədiklərindən anaları ilə getməkdən könüllü olaraq imtina edirlər. Uşaqların isə öz istəkləri olmadan zorla analarına verilməsi nə mümkündür, nə də qanunauyğundur. Ona görə də hesab edir ki, borclu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər törədilməmiş və onun əməllərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-572/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 Meybulla İsbəndiyar oğlundan alınaraq anası Zərərçəkmiş şəxs1 verilməli və uşaqlarının 18 yaşa çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli və həmin məbləğdə aliment tutulmasının əvvəli uşağın atadan alınaraq ananın himayəsinə verildiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, xx.xx.2020-cİ il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş icra sənədi üzrə borclu Şəxs xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon icra və probasiya şöbəsinin icra məmuru Y.C.Qafarovun, böyük icra məmuru M.S.Abbasovun, iş üzrə tələbkar Zərərçəkmiş şəxs1, borclu Şəxs, borclunun vəkili 5 saylı vəkil bürosunun vəkili X11 iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-572/2019 saylı icra sənədini icra etmək məqsədilə xx.xx.2020-ci il tarixə Xəzər rayon İcra və probasiya şöbəsinin inzibati binasına təyin olunmuş icra yerinə borclu Şəxs uşaqları ilə birlikdə gəlmiş, icra sənədinin tələbləri iş üzrə tərəflərə izah olunmuş, tələbkar Zərərçəkmiş şəxs1 uşaqları ilə ayrılıqda görüşməsi üçün şərait yaradılmış, uşaqları anaları ilə müəyyən müddət ünsiyyət olmalarına baxmayaraq ağlayaraq anaları ilə getməkdən imtina etmişlər. Uşaqlar anaları ilə könüllü olaraq getmədikləri üçün icra sənədinin icrası təxirə salınmışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon icra və probasiya şöbəsinin icra məmuru X3, böyük icra məmuru X2, iş üzrə tələbkar Zərərçəkmiş şəxs1, tələbkarın vəkili X4, borclu Şəxs, borclunun vəkili X11 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Katibliyinin psixoloq-məsləhətçisi Zülfiyyə Yaqubovanın, hal şahidləri X10 və X5 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-572/2019 saylı icra sənədini icrası xx.xx.2021-ci il tarixə təyin olunmuş, təyin olunmuş icra yerində iş üzrə tərəflər iştirak etmişlər. Həmin zaman dəvət olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Katibliyinin psixoloq-məsləhətçisi Zülfiyyə Yaqubova iş üzrə tərəflərlə və uşaqlarla ayrıayrılıqda söhbətlər aparılmışdır. Lakin uşaqlar ağlayaraq anaları ilə getmək istəmədiklərindən icra sənədi icra olunmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında işin araşdırılmış hallarından, iş materiallarından və işdə iştirak edən şəxlərin izahatlarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-572/2019 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən təyin olunmuş vaxtda və yerə borclu Şəxs tələbkar ilə birgə nikahından olan uşaqları tələbkara verilməsi üçün (xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində, Xəzər rayon İcra və Probasiya şöbəsinin inzibati binasına) gətirmiş, lakin uşaqlar ağalayaraq anaları ilə getməkdən imtina ediklərinə görə icra sənədinin icrası mümkün olmamışdır. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq qeyd edir ki, Şəxs əməlində (hərəkət və ya hərəkətsizliyində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud deyil. Belə ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirmək məqsədilə icra məmuru tərəfindən təyin oluna vaxtda və yerdə olmuş, uşaqları tələbkara verilməsi üçün özü ilə gətirmiş, yalnız uşaqların anaları ilə getməkdən imtina etmələri nəticəsində icra sənədinin icrası baş tutmamışdır. Borclu tərəfindən isə uşaqlara hər hansı bir təsirin olması halı ilə bağlı iş materiallarında mötəbər sübutlar mövcud deyil və belə halların olması inzibati işin məhkəmə iclasında araşdırılmış hallarındanda müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar