Məhkəmə qərarları › İş №3(003)-1840/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1840/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1840/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN ******* saylı, 11 iyul 2023-cü il tarixli protokola əsasən Şəxs MMC tərəfindən ünvan 1 ünvanında 11 iyul 2023-cü il tarixdə saat 14:26-da Şəxs MMC-yə məxsus Şəxs MMC məzmunlu reklamın müvafiq icazə olmadan açıq məkanda yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prokotolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 Şəxs MMC barəsində AR İXM-nin 428.7.1-ci maddəsilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 16 iyun 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Reklam İdarəsinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı Şəxs MMC tərəfindən ünvan 1 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Reklam İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 21 iyun 2023-cü il tarixli göstərişin surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən açıq məkanda reklam fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış monitorinq zamanı ünvan 1 ünvanında yerləşən obyektin Şəxs MMC tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmiş və bu barədə 16 iyun 2023-cü il tarixli akt tərtib edilmişdir. Qeyd edilən qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, yəni 5 gün ərzində müvafiq icazənin alınması üçün Bakı şəhər Reklam İdarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması tələb edilmiş, əks halda həmin əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradacağı qeyd edilmişdir. Həmin göstəriş rəsmi olaraq ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Rahat Gourmetmarket”ə göndərilmişdir. İş materiallarında olan Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış 26 aprel 2022-ci il tarixli ticarət yerinin icarəsi müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən sifarişçi ("xxxx" MMC) özünə məxsus və bu müqavilədə qeyd edilən ünvanlar üzrə ticarət obyektlərində öz məhsullarının satışı üçün icarəçiyə (Şəxs MMC) xüsusi yeri icarəyə verməyi, icarəçi isə bunun müqabilində müvafiq icarə haqqını sifarişçiyə ödəməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş videodiskə keçirilmiş baxış zamanı ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Rahat Gourmetmarket”in üzərində Şəxs MMC-yə məxsus reklam lövhəsinin eninin 146 sm, uzunluğunun isə 59 sm olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən açıq məkanda yerləşdirilməsinə icazə verilən, həmçinin bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2019-cu il tarixli, 843 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi” Qaydasının 1.2-ci bəndinə əsasən bu qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çəxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularına (bundan sonra-reklam qurğusu) şamil edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən müvafiq qurum reklam qurğusunun quraşdırılması zamanı bu Qaydanın 2-ci hissəsinin tələblərinin pozulması hallarını aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən müvafiq qurumu məlumatlandırmadan quraşdırılmış (o cümlədən bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş hallarda) reklam qurğusuna görə bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tədbirlər görür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış ticarət yerinin icarəsi müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Rahat Gourmetmarket”də öz məhsullarının satışı üçün icarəyə yer götürmüş və həmin obyektin üzərində öz reklamını yerləşdirmişdir. 11 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Reklam İdarəsinin əməkdaşları tərəfindən monitorinq aparılmış və ünvan 1 ünvanında yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Faktla bağlı 16 iyun 2023-cü il tarixdə müvafiq akt tərtib edilmiş və 21 iyun 2023-cü il tarixdə inzibati orqan tərəfindən qeyd edilən qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, yəni 5 gün ərzində müvafiq icazənin alınması üçün Bakı şəhər Reklam İdarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması barədə hüquqi şəxsə göstəriş göndərilmişdir. 11 iyul 2023-cü il tarixdə isə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında ticarət yerinin icarəsi barədə 26 aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş şəkillərdən və videodiskdən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Rahat Gourmetmarket”in fasadında Şəxs MMC-yə məxsus reklam lövhəsi yerləşdirilmişdir. Həmin videodiskə məhkəmə iclası zamanı baxış keçirilərkən Şəxs reklam lövhəsinin eninin 146 sm, uzunluğunun isə 59 sm olduğu müəyyən edilmişdir. Bu isə həmin reklam lövhəsinin ümumi ölçüsünün 0,86 kv.m (1,46x 0,59) təşkil etməsi deməkdir. Məhkəmə iclasında həmin reklam lövhəsinin ölçüsünün araşdırılması ilə bağlı hər iki tərəfin iştirakı ilə adıçəkilən reklam lövhəsinə baxış keçirilməsi tərəflərə təklif edilmiş və bununla əlaqədar olaraq məhkəmə iclası iki dəfə təxirə salınmışdır. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş orqan adıçəkilən reklam lövhəsinə baxış keçirilməsi prosesində öz nümayəndəsinin iştirakını təmin etməmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Göründüyü kimi ANC Group” MMC-yə məxsus “Rahat Gourmetmarket”in fasadında Şəxs MMC-yə məxsus reklam lövhəsinin ümumi ölçüsü 1 kvadratmetrdən aşağıdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, 21 iyun 2023-cü il tarixdə inzibati orqan tərəfindən qeyd edilən qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, yəni 5 gün ərzində müvafiq icazənin alınması üçün Bakı şəhər Reklam İdarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması barədə inzibati orqan tərəfindən hüquqi şəxsə göndərilmiş göstəriş hüquqi şəxsin rəsmi qeydiyyat ünvanına deyil, reklamın yerləşdirldiyi ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Rahat Gourmetmarket”ə göndərilmişdir. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən Reklam Agentliyi ilk növbədə 5 gün ərzində qeyd edilən pozuntunun aradan qaldırılması və ya reklam yerləşdirilməsinə dair icazənin alınması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş verməli idi. Həmin müddət bitdikdən sonra inzibati xəta haqqında protokol tərtib edilə bilərdi. Lakin iş materiallarından göründüyü kimi Reklam Agentliyi tərəfindən pozuntu aşkar edildikdən sonra hüquqi şəxsə qeyd edilən göstəriş təqdim edilməmişdir. Bu hal məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatında da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin açıq məkanda reklam haqqında qanunvericiliyinin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati məsuliyyət yaradır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir xəta tərədilməmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar