Məhkəmə qərarları › İş №3(003)-1847/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1847/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1847/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-cu il tarixdə Şuşa rayonunun Zarıslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Raket düşərgəsi ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X5 izahatında bildirdi ki, Şuşa Rayon Məhkəməsinin 2(072)-403/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 17120 azn tutularaq, X1 xeyrinə ödənilməlidir. Lakin Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, 17.120 manat borcdan 6 ay öncə cəmi 1120 manat ödəmişdir. Hazırda da mövcud olan borcun ödəməsindən yayınır və onun yekun borcu 16.000 manat təşkil edir. Odur ki, icra sənədindəki tələbini üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X6 icra məmurunun göstərdiklərinə uyğun izahat verib bildirmişdir ki, Şəxs, borcunun cəmi 1120 manatını 3 ay ərzində, 6 ay bundan öncə ödəmiş, daha sonra isə borcunu ödəməkdən yayınmışdır, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borc tələbinin ödənilməsindən boyun qaçırmadığını, lakin heç bir yerdə işləmədiyi üçün öhdəliyini tam yerinə yetirə bilmədiyini bildirmişdir. İzahatında xaricdə işləyən oğlunun kömək məqsədilə hər ay göndərəcəyi məbləği, tələbkar X4 verəcəyini qeyd edərək, onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-nin müddəalarına görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (maddə 31.2). İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz (maddə 31.4). İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz (maddə 31.4.-1). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddəsində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (maddə 32.2). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Məhkəmə tərəfləri dinləyib, icra sənədlərini və işə əlavə edilmiş materialları, o cümlədən inzibati xəta törətməsi barədə tərtib olunmuş inzibati xəta haqqında protokolu, icra vərəqəsini və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməklə, barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 07 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarix saat 11:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə və Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar