Məhkəmə qərarları › İş №3(003)-1858/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1858/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1858/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi Namazov Fərəc Elman oğlunun katibliyi, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 24 iyul 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 bildirmişdir ki, Şəxs 24 iyul 2023-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində sərxoş vəziyyətdə həyat yoldaşı X2 bıçaqla hədələmişdir. Z.Qənbərova polis şöbəsinə müraciət etdikdən sonra post-patrul xidməti əməkdaşları həmin ünvana gələrək Şəxs polisin qanuni tələblərinə tabe olmağa dəvət etmiş, lakin o, polisin qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən inzibati xətaları törətmədiyini qeyd edərək bildirmişdir ki, həyat yoldaşı ilə arasında anlaşılmamazlıq yaranmışdır, onun tərəfindən həyat yoldaşına qarşı bıçaqla hər hansı hədələmə olmamışdır Həmçinin onun tərəfindən polisin qanuni tələblərinə tabe olmamaq kimi hər hansı bir xəta törədilməmişdir. Belə ki, o, polis şöbəsinə getməkdən imtina etməmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, 24 iyul 2023-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində Şəxs ilə həyat yoldaşı X3 arasında mübahisə yaranmış və Z.Qənbərovanın polis şöbəsinə müraciətindən sonra post-patrul xidməti əməkdaşları həmin ünvana gəlmişdirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. İş materialarrından, həmçinin proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən zərər çəkmiş şəxsin ünvanına hər hansı bir təhqiramiz ifadə işlədilməmiş, sadəcə olaraq həyat yoldaşı ilə aralarında anlaşılmamazlıq yaranmışdır. Həmçinin onlar mübahisə edərkən evdə onlardan başqa heç kim olmamışdır. Bu səbəbdən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu məhkəmə iclasında müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin tərkibini yaradır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun tərəfindən polisin qanuni tələblərinə tabe olmamaq kimi hər hansı bir xəta törədilmədiyini qeyd edərək, polis şöbəsinə getməkdən imtina etmədiyini i bildirmişdir. İş materiallarından və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından Şəxs polis əməkdaşlarının hansı qanuni tələblərinə qəsdən tabe olmadığı müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar